Analitika

Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir

Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfə verir. Tarixin ən çətin anlarında belə bu iki ölkə arasındaki qardaşlıq sözdə deyil, əməldə özünü göstərib. Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvanda görüşü iki dost, qardaş, müttəfiq ölkənin birliyinin, həmrəyliyinin növbəti təqdimatı oldu. Dünya bu birliyin sarsılmazlığının, daha da möhkəmləndiyinin şahidinə çevrildi. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvandan bir daha bəyan etdi ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. Dünyanın diqqət mərkəzində olan bu səfər mühüm məqamlarla, verilən mesajlarla zəngin oldu. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması, sabaha bir çağırışdır. İmzalanan sənədlər bu çağırışların, hədəflərin mahiyyətinə işıq salır. Azərbaycan-Türkiyə qardaşlığının dünyaya təqdimatı olan tarixi Zəfərimizdən bu günədək iki dost ölkənin Prezidentlərinin qarşılıqlı səfərlərinin, imzalanan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Azərbaycan və Türkiyə Prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalandı. Ölkələr arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında hüquqi baza olan bu sənədlərdən Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu” xüsusi diqqət çəkdi. Dövlət başçısı İlham Əliyev səfər zamanı imzalanmış sənədlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəyini bildirdi. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişinin qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə olduğu, əlaqələrimizə yeni təkan verəcəyi, Naxçıvanın enerji təhlükəsizliyinin daha böyük ölçüdə təmin ediləcəyi diqqətə çatdırıldı. Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata birgə bəyanatları münasibətlərimizin dünəninə, bu gününə və qarşıda dayanan hədəflərə işıq saldı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bir daha qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan Azərbaycanın yanında olduğunu, bu gün də bu birliyin işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapdığını qeyd etdi. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yeni səhifə açan Şuşa Bəyannaməsindən bəhs edildi və vurğulandı ki, müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq. Prezident İlham Əliyev, həmçinin diqqəti sentyabrın 19-da Azərbaycanın 24 saat müddətində apardığı lokal xarakterli antiterror tədbirlərinə yönəldərək qeyd etdi ki, əziz qardaşım bu hadisə baş verəndə Amerikada, Nyu-Yorkda idi. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak edirdi. Orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən ədalətli bəyanatlar verdi. Bu, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar idi. Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Təməli qoyulan İğdır-Naxçıvan qaz kəmərlərini də bunun bariz nümunəsidir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda TANAP-ın istifadəyə verilməsi, ümumilikdə Cənub Qaz Dəhlizinin icrasının tam şəkildə başa çatdırılması Qafqazdan Avropayadək uzanan enerji yolunun təqdimatlarıdır. Əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu da istifadəyə verildi. Səfər zamanı keçirilən görüşdə Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu hədəfi də açıqladı ki, yaxın aylarda bu yolun imkanları bir milyon tondan beş milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Dünyaya qardaşlığın, müttəfiqliyin nümunəsini təqdim edən Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu vurğulayaraq onu da əlavə edib ki, iki dost ölkənin Prezidentlərinin şəxsi münasibətləri bu əlaqələri daha da möhkəmləndirir, sarsılmaz edir. Yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri ümumilikdə türk dünyasının birliyinə böyük töhfədir. Biz birlikdə güclüyük!

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button