AnalitikaGündəmSiyasət

Türkiyə və İsrail Azərbaycanın yaxın dostudur

Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 9-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumundakı çıxışı qloballaşan dünyanın gələcəyi üçün əhəmiyyətli oldu. Bu mötəbər tədbirdə 44 ölkədən 80-dən çox ekspert, beyin mərkəzlərinin nümayəndələri və tanınmış politoloqlar iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı, həmin tədbir də aparılan müzakirələr regionun və bütün dünyanın, qloballaşan və hər gün yeni-yeni təhdidlərlə üzləşən planetimizin gələcəyi üçün çox böyük əhəmiyyət daşıyır.

ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev regionumuz üçün mühüm əhəmiyyət daşıyan məsələlərlə yanaşı qardaş Türkiyə ilə dost İsrail arasında münasibətlərə toxunub. Qeyd edilib ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. Bu zaman ölkəmizin fəal rolu bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdırmağa yardımçı olub. Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.Prezidentimiz qeyd etmişdir ki, Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm rol oynamış ölkədir. Türk dünyasında ölkələr arasında münasibətlər bizim üçün çox vacibdir. Bizim üçün bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Üzv dövlətlər arasında ikitərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur.

Eyni zamanda Azərbaycanın ABŞ ilə əlaqələrə toxunan ölkə başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ-la Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər. bu halın yaranmasında isə bizim heç bir günahımız yoxdur. Ölkəmiz hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin tərəfdarı olub. Çünki ABŞ dünyanın ən güclü dövlətidir.

Bu gün Prezident Trempın siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq və hazırda onlarla çox güclü münasibətlər bizim bölgə üçün vacibdir. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayan Prezident əlavə edib: “Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”.

Məlikova İlhamə,
Xəzər rayonu, 92 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button