Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr Üçtərəfli Bəyanatından artıq 4 il ötür. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı müharibəni tarixi Qələbə ilə yekunlaşdırdı. Vətən müharibəsi dövründə xalqımızı daim yeni xəbərlərlə sevindirən Ali Baş Komandan İlham Əliyev xalqımıza ən böyük müjdəni verdi. Müharibə başa çatdı, Ermənistan döyüş meydanındakı məğlubiyyətini siyasi cəhətdən də etiraf etdi, təslim oldu. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixində vidiokonfrans formatında olan görüşdə imzaladıqları birgə Üçtərəfli Bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənədidir. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları darmadağın etdi. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Azərbaycan əsgəri təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu da özümüzə qaytardı. Ermənistana tarixdə unuda bilməyəcəyi dərsi verdi. Hazırkı dövrdə əsas məsələ sülh müqaviləsinin imzalanmasını tezləşdirməklə bölgəyə yeni ab-hava gətirmək, əməkdaşlıq formatlarının yaradılmasına yol açmaqdır. Bunun üçün Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əks halda, “Qisas”, “Qətiyyətli cavab” əməliyyatlarının davamı da olacaq. Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. İndi Azərbaycan işğaldan azad olunan torpaqlarımızda quruculuq işləri görür, “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb. Azərbaycan bunu öz resursları hesabına edir. Azərbaycan torpaqlarını özü bərpa edəcək. Azərbaycan qələbəsi əbədidir və bizim bayrağımız hər zaman zirvələrdə dalğalanacaq.
Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı