Analitika

Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb

Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr nə Azərbaycan dövlətçiliyini, nə də onun ayrılmaz parçası olan Naxçıvanı qorumaq iqtidarında idilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı. O vaxtkı bacarıqsız iqtidar mənsubları blokadada olan Naxçıvana kömək göstərmək əvəzinə Heydər Əliyevə qarşı mübarizəyə başlamışdılar. 1992-ci ilin oktyabrında Heydər Əliyevə qarşı qəsd həyata keçirməyə, onu Naxçıvan rəhbərliyindən devirməyə cəhd də etdilər. Lakin bu cəhdlər uğursuzluğa məhkum idi. Həmin ağır şəraitdə Heydər Əliyev böyük dövlət adamı, qətiyyətli və iradəli siyasətçi olduğunu sübut etdi. Ulu Öndərin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda əlamətdar dövrudür. Bu dövrdə Heydər Əliyev Naxçıvandakı sovet qoşunlarının arsenalının bütünlükdə muxtar respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin etdi, Naxçıvanda Azərbaycan ordusunun güclü birləşmələri formalaşdı və ermənilərin hücumlarına qətiyyətlə cavab verildi. Onun təşəbbüsü ilə Ali Məclis muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərarlar qəbul etdi, 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi tarixə yazdı, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradıldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də prezidentin səlahiyyətlərini həyata keçirməyə başlayan Ulu Öndər oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı, Azərbaycanı, dövlətçiliyi, müstəqilliyi, milli ideologiyanı daxili və xarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, uzaqgörənliyi ilə qurtardı, konkret olaraq, kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, son damla qanına qədər onunla mübarizə aparacağını qətiyyətlə bəyan etdi. O, xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, ölkəni separatçılıqdan və real parçalanma təhlükəsindən, xalq təsərrüfatını dağılmaqdan xilas etdi, müharibədə atəşkəsə nail oldu. Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratdı, azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir. Bu gün ölkəmiz öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edib. Dövlətimizin başçısının yürütdüyü siyasətin başlıca məqsədi, atdığı bütün addımlar müstəqil Azərbaycanın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib. Qüdrətli və güclü dövlətə çevrilən Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkəsi olmuşdur. 

Laura Quliyeva,
Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru

Oxşar Xəbərlər

Back to top button