AnalitikaGündəmSiyasət

Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır

Ümummilli lider, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir.Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə aparıcı siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yola nəzərə salanda və bugünkü möhtəşəm gücünü görəndə partiyamızın gələcəyinə xalqın inam və etibarı sonsuz dərəcədə artır.

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası tarixin  son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə, Azərbaycan ziyalılarının təşəbbüsü ilə tarixi zərurətdən yarandı. Partiyanın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

1990-cı ilin əvvəlində bir sıra təşkilatlar və siyasi partiyalar yarandı. Həmin partiyalar ölkənin düşdüyü ağır iqtisadi, siyasi və mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar.

Ölkəni bürümüş dərin siyasi, iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi.Həmin vaxtlarda Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər.

Məhz belə bir vaxtda, qəlbi daim xalqla döyünən, xalqın gələcək taleyini düşünən 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Bu müraciətdə, Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu.

1993-cü il oktyabrın 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Sonrakı 10 il ərzində YAP ölkənin siyasi həyatında aprıcı rolu ilə seçildi.

Yeni Azərbaycan Partiyasının yarandığı, təşəkkül tapdığı, inkişaf etdiyi, siyasi qüvvə kimi formalaşdığı, ümumxalq partiyasına çevrildiyi 1992-2003-cü illər bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərimiz Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini belə əsaslandırmışdır: “Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır. Buna görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinin təminatçısıdır”.

Sonrakı 10 il ərzində YAP ölkənin siyasi həyatında aprıcı rolu ilə seçildi. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilməsindən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı.

Bütün sahələrdə görülən işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin etdi. Nəhayət, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Bu gün artıq işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri sürətlə həyata keçirilir, soydaşlarımızın Böyük Qayıdışına başlanılıb.

Yeni Azərbaycan Partiyasının VII Qurultayı isə partiyamızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. VII qurultayda partiyamızın sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaratdı.

2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının sonuncu – VII Qurultayında partiyanın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin olunması, İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibinin seçilməsi, habelə yeni strukturun yaradılması partiyanın müasir tələblərə uyğun fəaliyyətinə töhfə oldu.

Bu gün Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur.

Aygün Maniyeva,
156 saylı tam orta məktəbin psixoloqu, A. İldırım 38 Ərazi Partiya Təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button