AnalitikaGündəmSiyasət

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – Ulu Öndər Heydər Əliyev.

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.

AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdur. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı irəli sürülən iddialar Azərbaycanı onlarla düşmən etmiş və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı.

Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Hakimiyyət daxilində qruplaşmalar yaranmış, birincilik uğrunda mübarizə gedirdi. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal edildi.

Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almışdır.

1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir.

1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki andına ömrünün sonuna qədər sadiq qaldı.

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb.

Ümummilli Lider Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. O, problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu.

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi fikir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

Danılmaz həqiqətdir ki, Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi” – Prezident İlham Əliyev.

Rəna Əhədova,
Xəzər rayonu, 256 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button