
Dahilər tarix yazır, dövrün şəraitini dəyişdirir və özündən sonrakı nəsillərə miras buraxır.Buna görə də, böyük şəxsiyyətlər tarixin sütunları hesab edilir. Azərbaycan tarixinin də bu cür sütunları var, lakin onlardan ən möhkəmi və dayanıqlısı məhz Heydər Əliyevdir. Müasir Azərbaycanın qurucusu, memarı olan Heydər Əliyevi belə adlandırmaq tam olaraq ədalətlidir və bunu iddia etmək üçün kifayət qədər arqumentlər var.
33 il öncəyə, təqvimin 12 mayı göstərdiyi tarixə qayıdaq. Bu tarixə qədər cənnət Qarabağ qan gölünə çevrilmişdi. Kimlərinsə maraqlarına görə uşaqlar, qadınlar, qocalar ölürdü. Ballıqaya, Ağdaban, Başlıbel faciələri insanlığa sığmayan işgəncə dolu xəbərlərlə dəhşət saçırdı. Belə bir dövrdə isə Azərbaycanda hakimiyyət “dava”sı gedirdi. Nəhayət, xalqın mənafeyini öz mənafeyindən üstün tutan dahi şəxsiyyət, yəni Heydər Əliyev xalqın böyük istəyi və dəstəyi ilə hakimiyyətə gəldi. O, Azərbaycanın belə zəiflədiyi dövrdə xalqı qırğına verməyin mənasız olduğunu mükəmməl şəkildə analiz edir və onun göndərdiyi nümayəndə heyəti Qırğızıstanın paytaxtı Bişkek şəhərində, 1994-cü ilin 12 may tarixində atəşkəsə nail olmaq məqsədilə Bişkek protokoluna imza atdı. Bu heç də məğlubiyyəti qəbullanmaq deyildi, əksinə Heydər Əliyev qələbəmizin əsasını qoymuşdu. Şübhəsiz ki, Ulu Öndər hər şeyi dəqiqliklə hesablamışdı.
Tam 4 ay sonra – 1994-cü ilin 20 sentyabrında, Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə birgə “Əsrin müqavilə”si imzalandı. Bu müqavilə Azərbaycanı gələcəkdə böyük masalarda söz sahibinə çevirəcək müqavilə idi. “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycanda böyük işlərə başlandı. Çıraq-1 özülünün bərpasına böyük maliyyə ayrıldı və özül qərb standartlarına uyğun olaraq bərpa olundu. Bunun nəticəsi olaraq 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı və nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tankeri dünya bazarlarına çıxarıldı. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Heydər Əliyev bu müqavilə ilə Azərbaycan iqtisadiyyatını zirvəyə qaldırmış, hər şeyə qadir olan dövləti formalaşdırmışdı.
Düşmənin məğlub olacağını anladığı və etiraf etdiyi tarixə – 1998-ci ilin sentyabrına dönək. Bu tarixdə Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda Böyük İpək yolunun bərpa və inkşaf olunmasına dair beynəlxalq forum, yəni TRASEKA keçirilmişdi. Həmin forumda dünyanın 42 ölkəsinin nümayəndəsi iştirak etmişdi ki, onlardan səkkizi prezidentləri ilə təmsil olunmuşdu. Heydər Əliyev həmin forumda, “Bakıda keçirilmiş zirvə görüşü əməkdaşlığının inkişafında, sülhün qorunmasında, hər bir ölkə və ümumiyyətlə bütün Avrasiya məkanına firəvanlıq və rifahlığın gətirilməsində öz tarixi rolunu oynayacaqdır” fikrini söyləmişdi. Heydər Əliyev çox böyük uğura nail olmuşdu, düşmənin etirafına səbəb olacaq qədər çox… Ermənistan Respublikasının 1-ci prezidenti Levon Ter-Petrosyan “ Heydər Əliyevin o forumdakı çıxışından sonra məğlub olacağımızı anladım “ deməsi, düşmənin belə etirafı Heydər Əliyevin nə dərəcədə böyük nailiyyət qazanmasını göstərirdi. Həmin dövrdə bir tərəfdə günbəgün zəifləyən Ermənistan, digər tərəfdə isə hər gün daha da inkişaf edən Azərbaycan var idi. Bunun səbəbi çox sadə idi: Azərbaycana böyük mütəfəkkir, dahi lider Heydər Əliyev başçılıq edirdi, Ermənistana isə Xocalıda uşaqları işgəncə ilə öldürən qatillər…
Azərbaycan tarixi boyunca heç vaxt bu qədər çətin, çıxılmaz hesab edilən vəziyyətdən bu qədər qısa müddətdə zirvəyə yüksəlməmişdi. Tarixi isə dahilər dəyişir, Tanrının bizə bəxş etdiyi Ulu Öndər kimi dahilər.
Fidan Əsədzadə
Xəzər rayonu YAP təşkilatının gənc fəalı