Vətən müharibəsi şəhidi Nicat Əhmədovun əziz xatirəsi yad edilib
Nizami rayonunda Vətən müharibəsi şəhidi Nicat Həsən oğlu Əhmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Reportyorinfo.az xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsindən və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Vətən müharibəsi şəhidi Nicat Əhmədovun xatirəsinə həsr olunan sənədli film nümayiş etdirilib. Filmdə şəhidin doğulduğu gündən şəhid olduğu vaxta qədər keçdiyi həyat yolu işıqlandırılıb, şəhidin ailə üzvləri, müəllimləri onunla bağlı xatirələrini bölüşüblər.
Filmin nümayişindən sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, şəhid Nicat Əhmədovun oxuduğu 229 saylı orta məktəbin direktoru Vüsalə Məmmədova, şəhidimizə həsr olunmuş filmin rejisoru Nicat Cəlilov, Vətən müharibəsi qazisi Qədir Daşdəmirov və başqaları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar. Filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkürlərini bildirib, bu cür filmlərin hazırlanması və yayılması şəhidlərimizin tanıdılmasında müstəsna rola malik olduğunu qeyd ediblər.
Şəhid Nicat Əhmədovun ailə üzvləri adından çıxış edən bacısı Lalə Zeynalova qardaşı ilə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.