AnalitikaGündəmSiyasət

Xalqımız ermənilər tərəfindən törədilmiş soyqırımı heç zaman unutmayacaq

Erməni millətçiləri müxtəlif dövrlərdə mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirmişlər. Xalqımıza qarşı törədilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən törədilən qırğınlardır. O dövrdə şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətlərinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı illərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, həmçinin Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı öz torpaqlarından qovmuşdur. 1918-ci ilin mart soyqırımları öz qəddarlığı və miqyası ilə yalnız Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində də ən qanlı faciələrdən biri hesab olunur. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi şəkildə öldürmüş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.

Azərbaycan xalqına qarşı törədilən bütün soyqırımları qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan olunmuşdur.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür. 26 mart 1998-ci il tarixli Fərmanın imzalanması, bu mövzu ilə bağlı aparılan tədqiqatlara və həqiqətlərin ortaya çıxarılması işlərinə yeni bir təkan vermişdir. Bu Fərmandan sonra həmin dövrün öyrənilməsi istiqamətində mühüm araşdırmalar aparılmış, çoxsaylı əsərlər yazılmış və xarici dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılan araşdırmalarla yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Aşkarlanan tarixi faktlar isə 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdiyi qanlı hadisələrin coğrafiyasının daha geniş və qurbanların sayının çox olduğunu sübuta yetirmişdir.

2007-ci ilin aprelində Quba stadionunun təmiri zamanı aparılan qazıntılar nəticəsində kütləvi məzarlıq tapılmışdır. Məzarlıqdakı insan cəsədləri üzərində tibbi ekspertizalar və antropoloji araşdırmalar aparılmış, məzarlıqdakı 500-ə yaxın insan kəlləsinin, 50-dən çox uşağın və 100-dən çox qadının olduğu müəyyən edilmişdir. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırımı qurbanları olduğu sübuta yetirilmişdir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar vermişdir.

Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması məqsədilə, Prezident cənab İlham Əliyev 2018-ci ilin yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Xalqımız ermənilər tərəfindən törədilmiş soyqırımı heç zaman unutmayacaq.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button