
2025-ci il iyulun 4-də Azərbaycanın Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə toplantısı ölkəmiz üçün çoxcəhətli əhəmiyyət daşıyan bir hadisə kimi tarixə düşdü. Bu tədbir Azərbaycanın siyasi iradəsinin, beynəlxalq nüfuzunun və postmünaqişə dövründə formalaşdırdığı yeni reallıqların bir daha təsdiqi oldu. Prezident İlham Əliyevin çıxışı həm regional proseslərdə ölkəmizin liderliyini vurğuladı, həm də strateji hədəflərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi. Zirvə toplantısının məhz Xankəndidə təşkili dərin məna daşıyır. Uzun illər işğal altında olan bu qədim Azərbaycan şəhəri bu gün beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevrilib. Bu fakt ölkəmizin ərazi bütövlüyünün və suveren hüquqlarının tam bərpa olunduğunu əyani şəkildə nümayiş etdirir. Eyni zamanda, bu, beynəlxalq təşkilatların da mövcud reallıqları tanıdığının və qəbul etdiyinin göstəricisidir. ECO rəhbərliyinin və üzv ölkə nümayəndələrinin Xankəndiyə səfəri Azərbaycanın diplomatik uğurlarının, artan beynəlxalq nüfuzunun və regionda sülhə, əməkdaşlığa verdiyi töhfələrin təsdiqidir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda geniş miqyaslı bərpa və inkişaf proqramları həyata keçirilir. Bu proses yalnız yerli əhəmiyyət daşımır, eyni zamanda region miqyasında iqtisadi inteqrasiyanın möhkəmləndirilməsinə xidmət edir. Azad edilmiş ərazilər yeni investisiya imkanları, innovativ layihələr və beynəlxalq əməkdaşlıq üçün cəlbedici məkan kimi formalaşır. Bu, təkcə Azərbaycanın deyil, eyni zamanda ECO-ya üzv ölkələrin də maraqları baxımından böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın təşəbbüs göstərdiyi sülh siyasətini və regionda davamlı sabitliyin yalnız qarşılıqlı hörmət və əməkdaşlıq müstəvisində mümkün olduğunu vurğuladı. Bu zirvə toplantısı yalnız siyasi tədbir olmaqla kifayətlənmir, o, eyni zamanda regionun gələcək inkişafı və sülh gündəliyinin təşviqi baxımından ciddi mesajlar verən beynəlxalq platforma rolunu oynayır. Beləliklə, Xankəndidə keçirilən Zirvə görüşü Azərbaycanın beynəlxalq mövqeyinin gücləndiyini, regionda əsas söz sahibi olduğunu və formalaşdırdığı yeni reallıqların dünya miqyasında qəbul olunduğunu göstərir. Bu hadisə, həmçinin, sübut etdi ki, Azərbaycanla əməkdaşlıq regional sabitlik, inkişaf və qarşılıqlı rifahın qarantıdır.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Nəzrin Bayramova