
YAP Xəzər rayon təşkilatının Baba Əliyev küçəsi 11 (Tibbi Reabilitasiya Mərkəzi) ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Reportyorinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək bildirib ki, təxminən 800 min üzvü olan partiyanın sıraları günü-gündən genişlənir. Qeyd edib ki, xüsusilə savadlı və istedadlı gənclərin böyük həvəslə partiya sıralarına qoşulması sevindirici haldır. Partiyadakı bu kəmiyyət və keyfiyyət yüksəlişi daha effektiv və operativ idarəetməni zəruri edir. Bu baxımdan ərazi təşkilatlarının yaradılması olduqca əhəmiyyətlidir. Bu, üzvlərin partiyanın işində və ölkənin siyasi həyatında daha aktiv iştirakına şərait yaradacaq.
Daha sonra çıxış edən Tibbi Reabilitasiya Mərkəzinin baş həkimi Rüfət Cabbarlı Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışıb. Bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin həyatında yeni dövr başladı. YAP iqtidar partiyası kimi ölkənin siyasi mühitinin aparıcı qüvvəsinə çevrilib. Son 20 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbycan Partiyası daha da inkişaf edib və möhkəmlənib.
Sonda isə partiyanın ərazi təşkilatına sədr və sədr müavini seçkiləri keçirilib. İştirakçıların yekdil rəyi ilə İbrahim Məmmədov ərazi təşkilatının sədri, Şamxal Babayev isə sədr müavini seçilib.