AnalitikaGündəmSiyasət

XII Qlobal Bakı Forumu beynəlxalq arenada qlobal problemlərin müzakirəsi üçün mühüm platformalardan birinə çevrilib

“XII Qlobal Bakı Forumu artıq beynəlxalq arenada qlobal problemlərin müzakirəsi üçün mühüm platformalardan birinə çevrilib. Prezident İlham Əliyev “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda 13 mart 2025-ci ildə keçirilən XII Qlobal Bakı Forumunda öz çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolunu xüsusi vurğulayaraq, onun COP29 tədbirindəki fəal iştirakını yüksək qiymətləndirib. Heç şübhəsiz Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin yaşıl keçid siyasətinə və bərpaolunan enerji sahəsində atdığı real addımlara olan beynəlxalq etimadın göstəricisidir”.

Bunu “Reportyorinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, bu gün Azərbaycan 12 Avropa ölkəsi də daxil olmaqla, 10-dan artıq ölkəyə təbii qaz ixrac edir. Avropa Komissiyası Azərbaycanın etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı olduğunu açıq şəkildə bəyan edib. Bakıdan Avropaya uzanan yeni enerji kabeli və Qara dəniz dibi ilə çəkilən enerji infrastruktur layihələri Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyinə töhfəsinin davam edəcəyini göstərir.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qoruma siyasətinin dəyişdirilməz olduğunu forumda bir daha vurğulayıb. Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin unudulmayacağını bildirən dövlət başçısı 65 məscidin dağıdılması, Xocalı soyqırımı və Qarabağda aparılmış urbisid siyasətini dünya ictimaiyyətinə bir daha xatırladıb. Eyni zamanda, Azərbaycan sülh müqaviləsinin təşəbbüskarı olaraq Ermənistanla danışıqları davam etdirir. Çıxışda qeyd olunub ki, sülh müqaviləsinin bir çox bəndləri artıq razılaşdırılıb və bu, regionda sabitliyin təmin olunmasına xidmət edəcək.

Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın qlobal siyasi və iqtisadi sistemdə oynadığı rolu bir daha təsdiqlədi. Azərbaycan enerji təhlükəsizliyində strateji rol oynamaqla yanaşı, yaşıl iqtisadiyyata keçid, beynəlxalq humanitar dəstək və regional sülh siyasəti ilə dünyada nüfuzunu artırmağa davam edir.

Oxşar Xəbərlər

Back to top button