
XII Qlobal Bakı Forumu qlobal miqyasda aktual olan məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq platformalardandır. Bu Forumda dünyanın müxtəlif ölkələrindən olan 50-dən artıq sabiq və hazırkı dövlət və hökumət başçılarının iştirakı onun əhəmiyyətini sübut edir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev martın 13-də Bakı Qlobal Forumu çərçivəsində Euronews televiziyasına müsahibə verib. Dövlət başçısının müsahibəsində vurğuladığı kimi, Forumda səslənən fikirlər müxtəlifdir və bu fərqli baxış bucaqları yeni ideyaların formalaşmasına şərait yaradır. Forum beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında mühüm rol oynayır və qlobal problemlərin həlli üçün yeni perspektivlər açır.
Beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu olduğunu qeyd edən, XII Qlobal Bakı Forumun iştirakçılarının qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklərini, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda bölüşəcəyini bildirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev müasir dünyanı narahat edən bir məsələni də diqqətə çatdırıb: “Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var”.
Güclü iqtisadiyyat, dayanıqlı enerji strategiyası və sülhə yönəlmiş diplomatiya siyasəti sayəsində Azərbaycan regionun lider dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Şübhəsiz ki, gələcəkdə Azərbaycan daha da möhkəmlənəcək, beynəlxalq əməkdaşlıqlar genişlənəcək və xalqın rifahı yüksələcək. Ölkəmizin qlobal səviyyədə güclənən nüfuzu, əldə edilən nailiyyətlər və irəli sürülən innovativ təşəbbüslər bizi daha parlaq bir gələcəyə aparacaq.
Rəfiqə Rəsulova,
Zabrat qəsəbəsi, 71 saylı tam orta məktəbin ibtidai sinif müəllimi