AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Xocalı faciəsi insanlığa qarşı törədilmiş dəhşətli soyqırımdır

Xocalı faciəsi, Azərbaycan xalqının tarixinə qanla yazılmış unudulmaz və faciəvi bir səhifədir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağda yerləşən erməni separatçı dəstələri Sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərinə amansız hücum təşkil etdilər. Bu hücum nəticəsində Xocalı tamamilə mühasirəyə alındı və şəhər sakinləri qışın soyuğunda, ağır şəraitdə qorxunc bir soyqırıma məruz qaldılar.

Bu faciənin miqyası vəhşiliyin ən yüksək səviyyəsinə çatdı. Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirildi, onların 106-sı qadın, 63-ü uşaq, 70-i isə yaşlı insanlar idi. 487 nəfər ağır yaralandı, 1275 nəfər əsir götürüldü və onlardan bir çoxu dəhşətli işgəncələrə məruz qaldı. 150 nəfər isə bu günə qədər itkin düşmüş hesab olunur. Xocalıda baş verən bu qətliam nəticəsində bütöv ailələr məhv oldu, şəhər yerlə-yeksan edildi və günahsız insanlar öz doğma yurd-yuvalarından didərgin salındı.

Xocalı faciəsinin şahidləri həmin gecənin dəhşətlərini dünyaya çatdırmaq üçün illərdir mübarizə aparır. Həmin gecə insanlar yalnız sağ qalmaq üçün deyil, həm də öz şərəf və ləyaqətlərini qorumaq uğrunda çarpışdılar. Lakin bütün bunlara baxmayaraq, düşmən onların qarşısında heç bir mərhəmət göstərmədi. Soyuq və qarlı havada meşələrə, dağlara qaçmağa çalışan dinc əhali yollarda gülləbaran edildi, bəziləri isə işgəncə ilə qətlə yetirildi. Bu dəhşətli hadisələr insan hüquqlarının ən kobud şəkildə pozulmasının, müharibə cinayətlərinin açıq nümunəsi oldu.

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti bu dəhşətli hadisəyə hələ də tam və ədalətli hüquqi qiymət verməyib. Lakin biz, Azərbaycan xalqı olaraq, Xocalı faciəsinin unutdurulmasına imkan verməməli və bu cinayətin tanınması üçün mübarizəmizi davam etdirməliyik. Bu məqsədlə dünyanın müxtəlif ölkələrində “Xocalıya Ədalət” kampaniyası həyata keçirilir, soyqırım faktlarının beynəlxalq səviyyədə tanınması üçün səylər göstərilir.

Xocalı şəhidlərinin xatirəsi bizim üçün müqəddəsdir. Onların fədakarlığı, Vətən uğrunda verdikləri qurbanlar heç vaxt unudulmayacaq. Xocalı yalnız bir şəhərin deyil, bütöv bir xalqın qan yaddaşı, ədalətə olan inamının simvoludur. Biz Xocalını unutmayacaq və unutturmayacağıq. Bu faciə, gələcək nəsillərə insanlıq əleyhinə cinayətlərin bir daha baş verməməsi üçün bir dərs olmalıdır. Hər il 26 fevralda Xocalı şəhidlərinin xatirəsini ehtiramla yad edərək, onların ruhu qarşısında baş əyirik və ədalətin bərqərar olacağına inanırıq.

Fəridə Rzayeva,
Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul işçi

Oxşar Xəbərlər

Back to top button