Xocalı qurbanlarının qanı yerdə qalmadı

Xocalı faciəsi “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”. Heydər Əliyev Azərbaycanın Ümummilli Lideri “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu faciə bütün dünya tarixi boyunca insanlığa sığmayan bir şəkildə reallaşdırılmış qanlı bir faciədir. Təəssüf ki, Azərbaycan xalqı iki yüz il ərzində davamlı olaraq erməni millətçi şovinistlərinin etnik təmizləmə adı altında həyata keçirdiyi soyqırımı siyasətinə məruz qalıb. O illər ərzində azərbaycanlılar öz tarixi, əzəli-əbədi torpaqlarından qovulmuş, qaçqın, məcburi köçkün durumuna salınmışdır və bütün bunlar ermənilər tərəfindən törədilmiş digər kütləvi qırğınlarla müşayiət olunmuşdur.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişlər. Xocalı şəhəri möhkəm strateji mövqeyi ilə yanaşı, eyni zamanda, azərbaycanlıların qədim yaşayış yeri olması ilə bir çox əski tarixi abidələri özündə birləşdirirdi. Xocalının və onun əhalisinin soyqırımına məruz qoyulması əvvəldən planlaşdırılmış və Yer üzündən silinməsi məqsədinə istiqamətlənmiş bir iş idi. Həmin tarixdə baş tutmuş faciə ilə Xocalı şəhəri tamamilə yandırılmış, dağıdılmış, əhalisinə isə divan tutulmuşdu. Sağ qalan xocalılılar bir çox şəhərlərə köçürülmüş, dövlətin xüsusi qayğı və diqqətində saxlanılmışdır. Bu aktın baş tutması ilə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün norma və prinsiplərini kobudcasına pozmuşdular.
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi isə hələ də məlum deyildir. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər, hətta meyitləri də təhqir etmişdilər. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” ulu öndər Heydər Əliyev tərəfindən fərman verilmişdir. Hər il 26 Fevralda ölkə başçısı “Xocalı Soyqırımı” ilə əlaqədar xalqa müraciət edir. İşğaldan azad edilmiş torpaqlarımız xalqımızın Xocalı soyqırımı qurbanlarına vəfa borcudur – Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim dəmir yumruğumuz birliyimizi, gücümüzü təcəssüm etdirir. Xocalının işğalından illər ötməsinə baxmayaraq erməni faşistlərindən və imperiya ordusunun 366-cı motoatıcı alayının əsgərlərinin Xocalının əliyalın sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmur. Əksinə, illər keçdikdə qaysaq bağlamayan yaralar göynəyir, xalqımıza qarşı soyqırımı törədənlərə nifrət artır.
2020-ci ildə başlanan Vətən müharibəsində Azərbaycan ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə illər əvvəl qətlə yetirilən 613 Xocalı sakininin qisasını aldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin, Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardıqları təbliğatı döyüş meydanında, düşməni təslimçiliyə məcbur etməklə davam etdirən, «qana-qan» deyən Azərbaycan əsgərlərinin işğaldan azad edilmiş ərazilərdə dalğalandırdıqları üçrəngli bayraqlarımız soyqırımı qurbanlarına xalqımızın vəfa borcudur. Vətən müharibəsinin davam etdiyi müddətdə dünyanın tanınmış 30-a yaxın KİV-lərinə müsahibələrində Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Ordusunun qalib kimi ayaq basdığı torpaqlarımız Xocalı qurbanlarının ruhlarına dinclik gətirir: «Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim qələbəmizdən danışır. Bütün dünyanın aparıcı media orqanları Azərbaycanın parlaq qələbəsi haqqında yazırlar, reportajlar hazırlayırlar. İndi analitik məqalələr dərc edilir, kitablar da yazılacaq.»
44 gün davam edən Vətən müharibəsində XXI əsrin müharibəsinin döyüş taktika və strategiyasını çaldığı zəfərlə nümayiş etdirən Azərbaycan ordusu havadarları hesabına Xocalıda qətliam törədən erməni vəhşilərini it kimi qovdu. Bir gündə Xocalını qana boyayan, şəhəri yandırıb külə döndərən erməni vəhşiləri Ali Baş Komandan İlham Əliyevin bu sözlərini heç vaxt unutmayacaqlar: «…44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir.» Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın qısamüddətli müharibə ilə işğaldan azad olunması 1992-ci ilin 26 fevralında Bakıdan kömək gözləyən xocalıları təpədən dırnağa qədər silahlanmış erməni quldurları ilə təkbətək qoyan o dövrdəki iqtidara, hələ nizami ordu kimi formalaşmamış, təcrübəsiz gənclərdən ibarət könüllü dəstələri cəbhə bölgəsindən uzaqlaşdıraraq əraziləri ermənilərə təhvil verənlərə, satanlara tarixi dərs idi. İşğaldan azad olunan ərazilərimiz, paytaxtda keçirilən Zəfər paradı Xocalı soyqırımı qurbanlarının, Dağlıq Qarabağ münaqişəsinin yarandığı gündən erməni cəlladları tərəfindən qətlə yetirilən soydaşlarımızın ruhuna hörmətdir. Azərbaycan əsgəri Xocalıda hərbi cinayət törədən, faşizmə xidmət edən erməni mifini dağıtdı, bütün qonşularına qarşı torpaq iddiaları irəli sürən ermənilərin mənfur niyyətlərinə son qoyuldu, bölgədə sabitliyin qorunması təmin edildi. Bu zəfər tarixi zəfərdir!
Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq» söyləyən Prezident İlham Əliyevin mətin iradəsi, Azərbaycan Ordusunun qırılmaz əzmi, ordu-xalq- iqtidar birliyi Ermənistana heç vaxt unuda bilməyəcəyi tarixi dərs oldu.
Abdullazadə Türkanə,
Xəzər rayonu, 183 №-li tam orta məktəbin müəllimi