Analitika

XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir

Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür. 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Bunun ardınca sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanmışdır. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən bu hadisə həm də yenicə müstəqillik əldə etmiş Azərbaycanın gələcək inkişafının və dünya birliyi ilə tərəfdaşlığının ən həlledici amilinə çevrildi.”Əsrin müqaviləsi”nə gedən yol müxtəlif çətinliklərdən və maneələrdən keçərək, Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Prezident Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdı. 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri ölkənin gələcək inkişafı üçün hava və su kimi tələb olunan maliyyə vəsaiti – ilkin kapital əldə etməkdən ibarət idi. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına çıxarılması, əldə edilən vəsaitin ölkənin mövcud ehtiyaclarına, gələcək sosial-iqtisadi inkişafına yönəldilməsi o zaman üçün bəlkə də yeganə çıxış yolu hesab olunurdu. Lakin 1991-1993-cü illərdə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz bölgəsində hökm sürən regional qarşıdurma, qeyri-sabit mühit, o cümlədən respublikanın daxilində yaşanan xaos və anarxiya, hakimiyyətdə olan siyasi qüvvələrin yarıtmaz və səriştəsiz siyasəti və digər səbəblərdən dünyanın aparıcı neft şirkətlərini Azərbaycanın zəngin enerji resurslarının hasilatı və ixracına cəlb etmək, bu sahədə qarşıya çıxan maneələri dəf etmək o qədər də asan məsələ deyildi. Hətta bəzi analitiklər o dövrdə Xəzər dənizinin Azərbaycana məxsus sektorundakı neft və qaz layihələrinin beynəlxalq konsorsiumun iştirakı ilə həyata keçirilməsini əfsanə sayır və qeyri-mümkün hesab edirdilər. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş qarşıdurmasına son qoyulması, ictimai-siyasi sabitliyin bərqərar olması, qonşu ölkələrlə kəskin münasibətlərin qismən yumşaldılması, xarici sərmayələrə ciddi dövlət təminatının verilməsi və s. Qərbin ən böyük neft şirkətlərinin diqqətini yenidən Xəzər dənizinə yönəltdi və haqqında bəhs olunan transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı. Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti də mərasimdə bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bu gün XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir. Prezident Heydər Əliyev uzaqgörən və qətiyyətli siyasət yürüdərək bəzi qonşu və beynəlxalq dairələrin Xəzər dənizinin statusu ilə bağlı mövcud olan problemi qabartmaq yolu ilə “Əsrin müqaviləsi”ni pozmaq planlarını puça çıxardı. O, müdrikcəsinə bütün narazı tərəfləri inandıraraq sübut etdi ki, Azərbaycan bu addımla heç bir ölkənin iqtisadi-siyasi maraqlarına toxunmur, əksinə, bölgədə hamı üçün bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraiti yaradır.

Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button