Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Dövlət müstəqilliyinin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrından sonra Azərbaycan böyük fəlakətlə üzləşdi. 1992-ci ildə Xalq Cəhbəsi hakimiyyətə gəldi. Həmin vaxtlarda Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən qonşu ölkələrlə olan münasibətləri korlanmış və respublika beynəlxalq aləmdə təklənmişdi. Məhz belə bir faciəli vəziyyətdə xalqı təlaşdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin- partiyanın yaranması zamanın tələbi idi. 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdırarq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.
Ulu Öndər Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfrasını orada keçirməyə nail oldular. Azərbaycan bütün regionlardan seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ümummilli lider Heydər Əliyev uğurlu iqtisadi islahatları ilə ölkəmizi tənəzzüldən tərəqqi yoluna çıxardı. Bütün bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür.
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət, görülmüş nəhəng işlər, qazanılmış böyük uğurlar bu gün Azərbaycan xalqı tərəfindən məmnunluqla qarşılanır və tam dəstəklənir. Ölkə Prezidenti və YAP sədri kimi cənab İlham Əliyevə müstəqil, prinsipial və milli maraqları ifadə edən qətiyyətli siyasət yürütməyə hərtərəfli imkan verir. Belə liderə və onun müzəffər partiyasına qalib gəlmək heç bir qüvvəyə, ələlxüsus da hazırkı radikal müxalifətə nəsib olmayıb, bundan sonra da olmayacaq. Hazırda Yeni Azərbaycan Partiyası öz liderinin siyasi islahat kursuna, irəli sürdüyü təşəbbüslərə və yeni dövrün çağırışlarına uyğun olaraq partiyanın vitrinini xeyli dərəcədə yeniləmiş, öz sıralarına çoxsaylı təşəbbüskar və fəal üzvlər, təşkilatı hakimiyyətdə və parlamentdə təmsil edə biləcək yeni-yeni intellektual kadrlar cəlb etmişdir. Bir sözlə, Yeni Azərbaycan Partiyası Ümummilli Liderin siyasi ənənələrinə söykənərək “daim yenilənmə, daim dəyişmə və daim inkişaf etmə” kursunu ardıcıl olaraq davam etdirmişdir. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq, Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək.
Həmidə Ələfsərova,
Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayon fəalı