
Fevralın 24-də YAP Nəsimi Rayon Təşkilatının Azadlıq prospekti 20 ünvanı üzrə – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdə YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, yerli təşkilatın sədr müavini, universitetin prorektorları, professor-müəllim heyəti, fakültə və şöbələri təmsil edən fəal YAP üzvləri və tələbələr iştirak ediblər.
Tədbir Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükut yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İclasın sədri, YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov çıxış edərək hesabat-seçki yığıncaqlarının partiyanın daxili nizam-intizamının möhkəmləndirilməsi, təşkilati strukturunun təkmilləşdirilməsi və yerli təşkilatların fəaliyyətinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi tərəqqi və milli maraqların qorunması istiqamətində mühüm nailiyyətlər əldə edir.
Azər Süleymanov bildirib ki, ərazi partiya təşkilatları partiyanın əsas dayaqlarından biridir və onların səmərəli fəaliyyəti ümumi işin uğuruna birbaşa təsir göstərir. O, ADNSU ərazi partiya təşkilatının ötən hesabat dövrü ərzində fəallığı ilə seçildiyini, partiya üzvlərinin universitetin ictimai həyatında yaxından iştirak etdiyini, gənclərlə işin təşkilinə xüsusi diqqət yetirildiyini qeyd edib.
Yerli təşkilatın sədri çıxışında gənclərin partiya sıralarında fəallığının artırılmasının vacibliyini önə çəkən rayon təşkilatının sədri ali təhsil müəssisələrində ideoloji işin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, universitet mühitində milli-mənəvi dəyərlərin təbliği, dövlətçilik ənənələrinin qorunması və tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsinin əsas prioritetlərdən olduğunu diqqətə çatdırıb.
Ərazi partiya təşkilatının sədr müavini Tamilla Naibova ADNSU-nun YAP ərazi partiya təşkilatının illər ərzində gördüyü işlər və fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
ADNSU-nun rektoru, dosent Rüfət Əzizov YAP sıralarında təmsil olunmağın böyük məsuliyyət və dövlətçilik mövqeyi tələb etdiyini vurğulayaraq ADNSU gənclərinin daha fəal və təşəbbüskar fəaliyyət göstərəcəklərinə inandığını bildirib. Rektor ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının yarandığı gündən xalqın partiyasına çevrildiyini vurğulayıb. O, qeyd edib ki, zamanında edilən düzgün seçim və xalqımızın YAP ətrafında sıx birləşməsi bu gün artıq öz nəticəsini verir.
Çıxış edənlər YAP İdarə Heyətinin üzvü, ADNSU-nun strateji məsələlər üzrə prorektoru Vazeh Əskərov və partiya üzvü, ADNSU-da dekan vəzifəsində çalışan Fərid Ağayev universitetdə fəaliyyət göstərən ərazi partiya təşkilatının hesabat dövrü ərzində həyata keçirdiyi tədbirləri, təşkilati işləri və ictimai-siyasi fəallığı yüksək qiymətləndirərək, görülən işlərin partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələrə uyğun şəkildə həyata keçirildiyini vurğuladılar. Onlar təşkilatın fəaliyyətinin qənaətbəxş hesab edilməsini təklif edərək, gələcək dövrdə də bu istiqamətdə işlərin daha da gücləndirilməsinin vacibliyini qeyd etdilər.
Çıxışlardan sonra gündəlikdə olan məsələlərə baxılıb. Gündəlikdə olan digər məsələ ƏPT-nin sədrinin digər işə keçməsi ilə əlaqədar yeni sədrin seçilməsinə zərurətin yaranması olub.
Qərar:
Beləliklə, gündəlikdə olan məsələlər səsə qoyuldu, yekdil səslə ADNSU-nun tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov ƏPT-nin yeni sədri seçildi və 2025-ci il üzrə təqdim olunan hesabat qəbul edildi.
ADNSU-nun tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov çıxış edərək göstərilən yüksək etimada görə təşəkkürünü bildirdi. O, partiya üzvlərinin etimadını doğrultmaq üçün bütün bilik və təcrübəsini səfərbər edəcəyini vurğuladı. Rza Məmmədov qeyd etdi ki, qarşıdakı dövrdə təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi, gənclərin ictimai-siyasi fəallığının artırılması və partiyanın ideoloji prinsiplərinin təbliği istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçiriləcək.
O, həmçinin kollektiv əməkdaşlığın və birlik ruhunun əhəmiyyətini xüsusi qeyd edərək, təşkilat üzvlərini ümumi məqsədlər naminə fəal və təşəbbüskar olmağa çağırdı. Yığıncaq iştirakçıları yeni seçilmiş sədrə fəaliyyətində uğurlar arzuladılar.
Hesabat-seçki yığıncağında həmçinin, ADNSU-nun Yeni Azərbaycan Partiyasına üzv olan 3 nəfər tələbəsinə partiya biletləri təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.





