21 noyabr 1992-ci il Azərbaycan ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrindən biridir. Məhz həmin gün, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Məhz, 32 il əvvəl xalqının ictimai-siyasi, mədəni-mənəvi və intellektual intibahında əvəzsiz yeri olan Yeni Azərbaycan Partiyası bir siyasi təşkilat kimi təşəkkül tapmağa başlayıb. Əslində, Yeni Azərbaycan Partiyasının 32 illik tarixi, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyib. Adını dünya tarixinə güclü, nüfuzlu və qalib ölkə kimi yazdırmış müasir, müstəqil Azərbaycan bugünkü inkişaf, intibah, yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. 1991-ci ildə bərpa edilmiş dövlət müstəqilliyinin ilk illərinin ictimai-siyasi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun fenomenal fəaliyyəti, qətiyyətli və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Bu, heç şübhəsiz, öz tarixi köklərinə bağlı olan, istiqlal – müstəqillik idealını milli və siyasi dəyər kimi rəhbər tutan, bu yolda güclü əzm, iradə göstərən və sarsılmaz mübarizə nümunəsi yaradan bir xalqın üstünlüyü və xoşbəxtliyidir. Çünki zamandan, məkandan, dövrdən və şəraitdən asılı olmayaraq, taleyüklü anlarda siyasi məsuliyyəti öz üzərinə götürən lideri olmayan xalqların hansı acı ssenarilərin qurbanına çevrildiklərinin, necə böyük faciə və fəlakətlərlə üzləşdiklərinin şahidi olmuşuq. 1990-cı ilin əvvəlində eyni situasiya və problemlə qarşılaşan mübariz Azərbaycan xalqı, qeyd etdiyimiz kimi, lider fenomeni, xalq ilə liderin unikal və mükəmməl vəhdəti sayəsində tənəzzüldən qurtularaq tərəqqi yoluna çıxmağı, böyük zəfərə doğru irəliləməyi və əsas strateji hədəflərinə çatmağı, nəhayət, tarixinin ən böyük qələbəsinə müvəffəq olmağı bacarmışdır. Ümumiyyətlə, Azərbaycan xalqı istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin milli vətənpərvərlik ruhu, qətiyyəti və həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə əzmlə və fəxarətlə dalğalanmasının qürurunu yaşamışdır. Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Konfransda Azərbaycanın bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət təşəbbüs qrupu iştirak etdi və partiyanın yaradılması haqqında qərar qəbul edildi. Partiyanın Proqram və Nizamnaməsi təstiq olundu. Xalqın istəyi nəzərə alınaraq konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Partiya sədrinin müavinləri, Siyasi Şurası, İdarə Heyyəti də seçildi. Belə çətin bir dövrdə heç bir maneəni nəzərə almadan, öz üzərinə böyük bir tarixi missianı götürən Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyamızın ideyaları, Ulu Öndərin müdrikliyi, onun cəmiyyətdəki nüfuzu və rolu qısa müddətdə Yeni Azərbaycan Partiyasını ümumxalq partiyasına çevirmişdi. Bəli, yarandığı gündən partiyamız çox böyük şərəfli və uğurlu yol keçmişdir və bu yolu davam etməkdədir. Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Dünənin, bugünün və gələcəyin partiyasıdır”.
Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı