Yeni Azərbaycan Partiyası dünənini, gerçək tarixini günümüzün içinə gətirib çıxaran, bu günümüzü sabaha daşıyan partiyadır. Bu partiya azərbaycanlıların partiyasıdır. Bu partiya çətin bir zamanda və tarixi zərurətdən yarandığı üçün milli mənəvi dəyərlərimizi özündə ehtiva edən bir partiyadır.
Həmin dövrdə tanınmış ziyalılar Heydər Əliyevin hakimiyyətə qayıdışını olduqca zəruri hesab edirdilər: Cəmiyyətin öndə gedən bir qrup ziyalısı Heydər Əliyevə müraciət etdilər. «91-lər hərəkatı» kimi tariximizə düşən bu hadisə çox önəmlidir. Çünki bu ziyalılar görürdü ki, ölkədə separatçılıq baş alıb gedir, qanunsuz silahlı dəstələr insanlar üçün böyük təhlükəyə çevrilib. Belə bir şəraitdə 91 ziyalı Heydər Əliyevə yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi ilə bağlı müraciət etdi. Partiyanın yaradılmasında məqsəd demokratik yolla hakimiyyətə gəlib vətəni xilas etmək idi. “91-lər”dən biri Sudeyf İmamverdiyevin təbirincə desək, xalqı arxasınca aparmağa qadir, insanlarda inam yarada biləcək siyasi partiyanın təsis olunmasına və həmin təşkilata dövlət idarəçiliyində böyük təcrübəsi olan şəxsiyyətin rəhbərlik etməsinə böyük ehtiyac yarandığı bir dövrdə Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inam, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil olub.
Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldikdən sonrakı dövr ərzində əldə olunan ən mühüm nailiyyətlərdən biri də tükənməz təbii sərvətlərlə, zəngin sənaye, kənd təsərrüfatı və intellektual potensiala, əsaslı istehsal fondlarına, istənilən qədər ixtisaslaşmış işçi qüvvəsinə malik Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının düzgün müəyyənləşdirilməsi, bazar iqtisadiyyatı modelinin Azərbaycan nümunəsində tam özünü doğrultmasından ibarətdir.
Bu 32 il ərzində partiyamız uğurlu və şərəfli yol keçmişdir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır və bu 30 il qələbələr salnaməsidir. 1992-ci ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan şəhərində keçirilmiş partiyamızın təsis konfransı tarixi hadisə idi və 32 ildən sonra biz bunu əyani şəkildə ölkəmizdə mövcud olan vəziyyətdə, əldə etdiyimiz uğurlarda görürük. O vaxt partiyamızın yaradılması dönüş nöqtəsi idi. Əgər o vaxt partiyamız yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi. Çünki o vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu. Demək olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt hakimiyyəti 1992-ci ildə qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı. Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı öz Liderinə üz tutdu və partiyamızın yaradılması, əlbəttə ki, burada həlledici rol oynamışdır. Onu da biz yaxşı xatırlayırıq və əlbəttə partiya üzvləri bunu bilir, Azərbaycan ictimaiyyəti də bilir ki, o vaxt hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş hakimiyyət imkan verməmişdi ki, partiyamızın qurultayı Bakıda keçirilsin. Fəallar, vətənpərvər insanlar Naxçıvana gəlmiş və Heydər Əliyevin sədrliyi ilə partiyamızın yaradılması haqqında bəyanat verilmişdir. Ondan bir neçə ay sonra xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ölkəmiz inkişaf yoluna qədəm qoydu. AXC-Müsavat cütlüyü tərəfindən başlanmış vətəndaş müharibəsi dayandırıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qayda-qanun yaradıldı, milli vətəndaş həmrəyliyi üçün əsas yaradıldı, azərbaycançılıq ideologiyası bəyan edildi və bu gün də bizim əsas ideoloji dayağımızdır. Ölkə Konstitusiyası qəbul edildi, iqtisadiyyatda, siyasi sahədə ciddi islahatlara start verildi, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi və ölkə ilə bağlı həqiqətlər dünya birliyinə çatdırıldı.
İslam Bafadarov,
YAP-ın gənc fəalı.