Azərbaycanın ictimai-siyasi həyatında dərin iz buraxan, bu günümüz və sabahımızın təminatçısı, bizi gələcəyə uğurla aparan Yeni Azərbaycan Partiyasının yaranmasından 32 il keçir. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi şəraitin daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. 16 oktyabr 1992-ci il müstəqil və müasir Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edərək yaddaşlara həkk oldu. Məhz həmin tarixdə bir qrup ziyalı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, Yeni Azərbaycan Partiyasının yaradılması ideyasına münasibət bildirməyi və bu partiyaya rəhbərlik etməyi xahiş etdilər.
Hər bir siyasi partiyanın keçdiyi yolun əsaslarına diqqət yetirmək, onun fəaliyyətinin xronikası və dinamikasını tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq lazımdır. Bunlardan biri partiyanın yarandığı şərait, daha dəqiq desək, hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir tariximizə dahi xilaskar, böyük qurucu kimi daxil olub. 25 il bundan əvvəl Azərbaycanı böyük təhlükələrdən xilas etmək üçün Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov “Ulu öndər Heydər Əliyev və Yeni Azərbaycan Partiyası” mövzusunda çıxış edərək bildirib ki, 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının Ümummilli Liderə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətin “Səs” qəzetində dərc olunması partiyanın təşkili istiqamətində ilk tarixi addım oldu. Ulu Öndər müraciətə cavabında ölkəmizin qarşısında duran təxirəsalınmaz vəzifələri müəyyənləşdirərək Yeni Azərbaycan Partiyasının yaradılmasının zəruriliyini bildirdi və onun fəaliyyətində iştiraka hazır olduğunu bəyan etdi. Bu, sadə xalq kütlələrində ruh yüksəkliyi yaratsa da, həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan qüvvələr dahi şəxsiyyətin rəhbərliyi ilə yeni bir siyasi təsisatın yaranmasının əleyhinə idilər. Lakin Ümummilli Liderin hakimiyyətə qayıdışı artıq qarşısıalınmaz tarixi zərurət və yekdil sosial sifariş idi. Ozamankı iqtidarın gücü yalnız partiyanın təsis konfransının Bakıda keçirilməsinin qarşısını almağa çatdı. 1992-ci il noyabrın 21-də Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında ölkənin ayrı-ayrı bölgələrindən cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 550 nəfərdən artıq nümayəndənin iştirakı ilə təsis konfransı keçirildi. Konfransda dahi rəhbər Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi, təşkilatın Nizamnaməsi və Proqramı qəbul edildi. Tarixi zərurət və yekdil sosial sifariş, güclü lider və zəngin dövlətçilik təcrübəsi, uzaq hədəflərə hesablanmış siyasi-ideoloji baza qısa müddətdə Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsini, əsas milli, kütləvi partiyaya çevrilməsini şərtləndirdi.
“91-lər”in müraciətindən sonra 1992-ci ilin 24 oktyabrında mətbuatda ulu öndər Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan “Yeni, Müstəqil Azərbaycan uğrunda” sərlövhəli məktubu dərc olundu. Ümummilli lider Heydər Əliyev bu müraciətə cavabı ilə müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirdi. Ölkədəki ictimai-siyasi durumun hərtərəfli əks olunduğu həmin cavabda böhranın yaranma səbəbləri və mövcud hakimiyyətin xalqımızı faciələrlə üzləşdirməsi konseptual şəkildə şərh olunaraq, vəziyyətdən çıxış yolları dəqiqliklə göstərilmişdi. 5 noyabr tarixdə Respublika ziyalılarının YAP təşkilat komitəsinin yığıncağı keçirildi. Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi və Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi.Bu gün 30 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 800 mindən çox insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu fərq etdi. Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrildi. Bu hadisənin özü ulu öndər Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda, partiyanın yaranmasında ifadə olunan tarixi zərurəti və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi.
1993-cü ildən bəri Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin inkişafını uğurla təmin edən hakim partiyadır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu partiyanın üzvü olmağı milli dövlətçiliyə xidmət nümunəsi kimi qiymətləndirərək deyirdi: “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir.
Görkəmli dövlət xadiminin hakimiyyət fəlsəfəsinin əsasını Azərbaycan xalqının tarixən formalaşmış azadlıq idealı və müstəqilliyini qorumaq əzmi təşkil edir. Dahi rəhbər həmişə belə bir ideyanı aşılamağa çalışıb ki, millətin tarixi inkişafının səviyyəsi xalqın siyasi iradəsindən və dövlət başçısının insani keyfiyyətlərindən asılıdır. Ulu Öndər özünün siyasət fəlsəfəsinin mühüm tərkib hissəsi olaraq milli müstəqilliyi möhkəmləndirmək və inkişaf etdirmək strategiyasını zamanın buna ehtiyac duyduğu bir məqamda işləyib hazırlamış və bu strategiyanın siyasi təşkilatı olaraq 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratmışdı. Dahi şəxsiyyətin hakimiyyət fəlsəfəsinin obyektiv elmi və siyasi prinsipləri Azərbaycanın bugünkü və gələcək müstəqilliyinin möhkəm əsaslarının yaradılmasında mükəmməl ideoloji zəmin rolunu oynayıb.
Yeni Azərbaycan Partiyası təmsilçilərindən formalaşmış iqtidar komandası xalqımızın ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək bu gün ölkəmizi tarixinin ən böyük nailiyyətlərinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu vəzifələrin hər biri üzrə möhtəşəm nəticələr qazandı.
Günel Əlizadə,
YAP-ın gənc fəalı