AnalitikaGündəmSiyasət

Zəfər Parkı Azərbaycanın müasir tarixinin simvolu, sülh, qəhrəmanlıq rəmzidir

2024-cü il 8 noyabr tarixində Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və tarixi Zəfərin yaddaşlarda yaşadılmasının ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınmış Zəfər Parkının açılışında iştirak etdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edərək,bildirdi ki, Zəfər parkı, Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsinin simvolu, Qarabağın işğaldan azad edilməsinin və bu torpaqlarda yenidən bərpa və inkişaf işlərinin başlanmasının təcəssümüdür.

Qeyd edək ki, paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Zəfər Parkında Azərbaycanın tarixi və mədəniyyətini, müharibənin dəhşətlərini və xalqın keçdiyi ağır yollari əks etdirən müxtəlif abidələr yerləşir. Qarabağ müharibəsi ilə bağlı əhəmiyyətli məqamlar, həmçinin Azərbaycan tarixi və mədəniyyətinin izləri təqdim olunur. Park, yalnız fiziki məkan olmaqla qalmaz, həm də müxtəlif milli tədbirlərin, konsertlərin, sərgilərin və rəsmi mərasimlərin keçirildiyi bir yerdir. Burada hər il Qarabağ zəfərinin ildönümü qeyd olunacaq və bu da xalqın qələbə ruhunu canlı saxlayacaq.

Bu zəfər eyni zamanda Azərbaycan xalqının birlik və həmrəyliyinin bir nümunəsidir. Zəfər parkı, xalqın bu birliyini və mübarizliyini gələcək nəsillərə çatdırmaq üçün yaradılmış bir abidədir. Parkda keçirilən tədbirlər, konsertlər, sərgilər və anım mərasimləri vətənpərvərlik ruhunun yayılmasına və xalqın bu qələbəyə olan bağlılığının əbədiləşdirilməsinə xidmət edəcəkdir.

Xalqımız bundan sonra da qalib xalq və Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Zəfər Parkının açılışı, vətənpərvərlik hissinin gücləndirilməsi və Azərbaycan xalqının milli birliyinin təbliğatının bir addımıdır!

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button