Zəngilanın işğaldan azad edilməsi Azərbaycan tarixində dönüm nöqtəsi oldu
Oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin üçüncü ildönümüdür. Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 25-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar. Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. Zəngilanda əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etmişdi. Lakin 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib. Bu gün biz torpaqlarımızın azad olunması xəbərlərini eşidərək, qürurlanır, bu vətənin övladı olmağımızla fəxr edirik. Cənab Ali Baş Komandan İlham Əliyevin Qarabağın işğaldan azad olunması barədə verdiyi xoş müjdələr biri-birini əvəz edir. Bəli, biz əminliklə deyə bilərik ki, bu gün müzəffər Ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilmir. Doğma torpaqlarında müharibə aparan ölkəmiz hazırda ərazi bütövlüyünü qarış-qarış bərpa edir. Oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu sevinclə bildirdi. Hər birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların sevincini heç bir sözlə ifadə etmək olmur.1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometr, əhalisi 35 mindən çox olub. Ərazisinə bir şəhər, bir qəsəbə, 83 kənd daxildir. İşğal ərəfəsində rayon ərazisində onlarla milli və dini-tarixi abidə olunmuşdur. 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Bu il mayın 27-də “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Bundan əlavə, rayon ərazisində ilk hava limanı da inşa edilib. Bu günlərdə hava limanının açılışı gözlənilir. Artıq Zəngilan aereportuna Beynəlxalq Hava Limanı statusu verilib. Bu, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda inşa edilən ilk, işğaldan azad olunan ərazilərdə isə ikinci hava limanıdır. Bundan əvvəl isə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib.Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı və ordumuz Zəngilanın azad edilməsi uğrunda əməliyyata 18 oktyabr 2020-ci il tarixində başlamışdır. Rəşadətli ordumuz qısa bir müddətdə sadəcə şəhəri azad etməklə qalmamış, 132 kilometr Azərbaycan-İran sərhədini də bərpa etmişdir.
Fəridə Rzayeva,
Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul işçi



