AnalitikaGündəmSiyasət

ZƏRİFƏ XANIM – AZƏRBAYCAN QADINININ ADINI ZİRVƏLƏRƏ UCALTMIŞDIR

Zərifə xanımın həyat yolunu seçdiyi peşə bir daha mənalandırır. O, Tanrının insana bəxş etdiyi müqəddəs nurun − gözün loğmanı idi. İnsanları həyatın, təbiətin gözəlliklərindən məhrum olmağa, dünyanın dadından doymamağa qoymurdu. İti zəkası, incə həkim qəlbi, iti neştəri, təmkini və  insanlığa sevgisi ona çoxlarına həyata yenidən baxmaq şansını nəsib etmişdi.

Zərifə Əliyevanın həkimlik fəaliyyəti uzun illər – Moskvaya köçənə qədər Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olmuşdur. O, dərin elmi təfəkkürə, pedaqoji təcrübəyə, oftalmologiya üzrə professional tədqiqatçı kimi şöhrətlənmişdir. Yüksək ixtisaslı oftalmoloqların hazırlanmasında Zərifə xanımın xidmətləri əvəzsizdir. Onun tibb elminə gətirdiyi yeniliklər monoqrafiya, tədris vəsaiti, metodik tövsiyələrdə əksini tapmışdır.

Zərifə xanım ziyalı, kübar, vətənpərvər bir ailənin övladı idi. Xeyirxah, yardımsevər bir insan, oftalmoloq-alim ömrünün ən mənalı illərini valideyn himayəsindən məhrum, uşaq evlərində yaşayan uşaqların gözlərinin açılmasına həsr etmişdi.

Zərifə xanım ilk azərbaycanlı qadın olaraq təkcə Azərbaycanda deyil, dünyada güclü göz həkimləri ilə bir sırada dayanaraq Azərbaycanı layiqincə təmsil etmişdir. O, təkcə savadı, elmi, sənətinə vurğunluğu ilə deyil, sədaqəti, möhkəmliyi, zərifliyi ilə də Azərbaycan qadınının adını zirvələrə ucaltmışdır. Zərifə xanım Heydər Əliyev kimi şəxsiyyətin ömür-gün yoldaşı olmuş, iki övlad  dünyaya gətirib layiqli vətəndaş kimi yetişdirmişdir.

Təbii ki, Zərifə xanımın təbiətindəki bu bütövlük, möhkəmlik, fövqəladə zəka və ilahi istedad ailə şəcərəsindən gəlirdi. O, Əziz Əliyev kimi yüksək mənəviyyatlı, ziyalı bir şəxsiyyətin övladı idi. “Öz namuslu həyatı ilə, xoş    amallarla Zərifə xanım vətənimizin milli, mənəvi dəyərlərini zənginləşdirən şəxsiyyətlərimizin davamçısı olmuş, onların ruhlarını şad etmişdir”.

Heydər Əliyevin illər sonra Azərbaycan qadını haqqında dediyi fikir Zərifə xanımın timsalında təsbitini tapır: “Azərbaycan qadını tarix boyu ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına hədsiz məhəbbətilə Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır”.

Zərifə xanım Azərbaycan oftalmoloqları arasında akademik M.İ.Averbax  adına mükafata layiq görülmüş yeganə alim idi. Onun özəlliyi savadlı həkim-oftalmoloq, alim olmaqla yanaşı, yüksək insani keyfiyyətlərə malik insan, qayğıkeş ana, səmimi həyat yoldaşı və namuslu, ismətli Azərbaycan qadını olmasında idi. Onun haqqında danışan həmkarları bütün bu keyfiyyətləri özündə   təcəssüm etdirən qadının xeyirxahlığı, səmimiliyi ilə də öyünürdülər.

Zərifə xanım həm də Heydər Əliyevin ömür-gün yoldaşı idi. Belə bir insanın – general, MK-nın birinci katibi, Siyasi Büronun üzvü, siyasi liderin ömrünün hər dəqiqəsini, hər saatını onunla bölüşmək ağır yük idi. Zərif, yaraşıqlı,   nurani baxışlı, mehriban simalı bu qadına çoxları həsəd aparırdı. Heydər Əliyevin siyasi fəaliyyətinin enişli-yoxuşlu yollarını Zərifə xanım onunla bir keçmiş, uzun gecələrin tənhalıq saatlarını təmkinlə, səbirlə yaşamışdı. O, Heydər Əliyevin yalnız həyat yoldaşı, övladlarının anası deyil, arxa-dayağı, həmdəmi, dostu olmuşdu. Neçə-neçə insana dünya işığı bəxş edən bu qadın xəstəliyini ailəsindən uzun müddət gizli saxlamış, övladlarını, xüsusilə Heydər Əliyevi düşünərək narahatlığına razı olmamışdı. Bu təkcə qayğı, həssaslıq deyildi, bu – böyük məhəbbətin fədakarlığı, qadın ürəyinin çırpıntısı idi.

Tanrının bu dünyaya göndərdiyi seçilmiş insanlardan, xoşbəxt qadınlardan olan sevimli bəndəsi – nəcib, qəlbi nurlu, ömrünü insanların görən gözü, işığı olmağa həsr etmiş Zərifə xanım Əliyeva şərəfli həyat yolunda Azərbaycan qadınının adını ləyaqətlə yaşatdı. Öz adını tarixin səhifələrində əbədiləşdirən Azərbaycan qadını – həkim-oftalmoloq, ziyalı Zərifə xanım bu gün də hörmətlə anılır, sayğı ilə yada salınır.

Nazilə Abdullazadə,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azərbaycan Dövlət Pedaqoji Universiteti

Oxşar Xəbərlər

Back to top button