
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım Əliyeva Hüseyn Cavidin, Şahtaxtinskilərin, Əziz Əliyevin və digər şəxsiyyətlərin göz açdığı ziyalılar yurdunun layiqli yetirməsidir. Şahtaxtı Zərifə xanımın uşaqlığının, gənclik illərinin şahidi idi. O, uşaqlıq xatirələrini yada salmaq, Azərbaycanı ikiyə bölən Araz çayı, bu çayın üzərində salınmış körpüdən Arazın o tayına – bölünmüş vətənin dağlarına, düzlərinə tamaşa edərdi üçün sonralar tez-tez bu kəndə gələrdi. Tanlnmış dövlət xadimi Əziz Əliyevin ailəsində böyümüş Zərifə xanım uşaqlıqdan elm mühiti içində tərbiyə alması onun gələcəkdə elmə olan marağını və peşəsinə olan sevgisini formalaşdırmışdı. Həkimlik ixtisasına yiyələnən Zərifə xanım çox çəkmir ki, bu bu yurdun adını tarixə yazır. O yalnız göz həkimi və alim kimi deyil, həm də yüksək mənəviyyatlı, ziyalı bir qadın, əsl Azərbaycan xanımı kimi yaddaşlara həkk olunur. Fundamental elmi əsərləri, həkimlik bacarığı və cəsarəti ilə bir alim kimi respublikanın hüdudlarından kənarda şöhrətlənir. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib tibb elmləri doktoru elmi dərəcəsini alan oftalmoloq-alim göz xəstəlikləri, gözün tozlu və kimyəvi maddələrə məruz qalması ilə bağlı xəstəliklərin qarşısının alınması üzrə kəşfləri ilə keçmiş SSRİ məkanında şöhrətlənir.
Zərifə xanım üçün həkimlik sənəti bir peşə deyil, müqəddəs bir missiya idi. Onun üçün hər bir xəstə bir insan taleyi idi və o, bu talelərə şəfqətlə, məsuliyyətlə yanaşırdı. O, SSRİ Tibb Elmləri Akademiyasının fəxri üzvü seçilmiş, bir çox dövlət mükafatarına layiq görülmüşdü. Bu uğurlar onun zəhmətinin, biliyinin və insanlara olan sevgisinin nəticəsi idi.
Zərifə xanım Əliyeva həm də insani keyfiyyətləri ilə seçilən nadir şəxsiyyətlərdən idi. Yüksək mənəvi keyfiyyətləri, həkimliyə olan sevgisi, insanlara şəfqət və qayğısı onu həmkarları və xəstələri arasında dərin hörmət sahibi etmişdi. Təsadüfi deyil ki, Elmə və ailəsinə sədaqətli, mərd və alicənab bu qadın dünyadan köçəndə onu tanıyanlar köçəndən sonra “Sənsiz günəşsiz qaldı günlər”demişdilər. Zərifə xanım bir günəş idi – ailəsini, sənətini, millətini hərarəti ilə isidən, ona işıq verən, nur paylayan bir günəş.
Onun fəaliyyəti təkcə bir alim və həkim kimi deyil, həm də ziyalı qadın, ailə başçısı və cəmiyyətə xidmət edən nüfuzlu şəxsiyyət kimi çoxşaxəli olmuşdur. Yüksək intellekti, təvazökarlığı, insanpərvərliyi və vətənə bağlılığı ilə seçilən Zərifə xanım Azərbaycan qadınının elm və cəmiyyətdə layiqli təmsilçisi idi.
Günay Alıyeva,
Azərbaycan Dövlət Pedaqoji Universiteti