Analitika

Zərifə xanım Əliyeva – oftalmologiyanın mirvarisi

Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmişdir. O, elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş, elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlarla Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutmuşdur. Zərifə Əliyeva mənalı ömrünün böyük hissəsini  insanların sağlamlığının, gözlərinin nurunun qorunmasına və bir çox digər humanist fəaliyyətlərə həsr edib. Akademik Zərifə Əliyeva öz ixtisasının görkəmli mütəxəssisi olmaqla bərabər, dünyaca məşhur oftalmoloq alim idi. Onun  elmi fəaliyyətləri dünya oftalmologiya elminin zənginləşməsinə xidmət edib və bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında tarixi sözlər demişlər. Moskva oftalmoloji məktəbi Zərifə xanımı “oftalmologiyanın mirvarisi” adlandırırdı. Dünya şöhrətli oftalmoloq akademik A.Nesterov demişdir: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. Akademik N.Puçkovskaya “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə əsl Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı canlanır. O, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, iki əsrlik münaqişəni və 30 illik savaşı cəmi 44 günə Zəfərlə bitirən, tarixin ən qüdrətli Azərbaycanını yaratmış Müzəffər Ali Baş Komandanı böyütmüş fədakar, qayğıkeş ana idi.

Akademik Zərifə xanım Əliyevanın ömür yolu, elmi fəaliyyəti uğurlarla zəngindir. Zərifə xanıma həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı idi. Onun keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik məktəbidir.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button