Analitika

Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, gələcək nəsillər üçün bir örnək və yaşam etalonu olacaqdır

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.  Akademikin fəaliyyəti geniş və zəngindir. Alicənablığına, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə böyük ziyalı, nurlu şəxsiyyət idi. Sözün həqiqi mənasında bu böyük ziyalının insanlara bəxş etdiyi nur onun elminin dərinliyindən, mənəvi paklığından, intellektinin kamilliyindən, şəxsiyyət ucalığından və bütövlüyündən qidalanıb. Görkəmli alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhməti, oftalmologiya elminin inkişafı yolundakı səmərəli fəaliyyəti və möhtəşəm xidmətləri dururdu.   Aprelin 28-də görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur. Hər zaman olduğu kimi, bu il də Zərifə xanım Əliyevanın doğum günü təkcə görkəmli alimimizi yad etmək deyil, həm də insanları elmə, biliyə yiyələnməyə, humanist addımlar atmağa, nümunəvi vətəndaş olmağa çağırış mahiyyəti daşıyır. Azərbaycan xalqı özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz saxlayır. Bu baxımdan, görkəmli alim Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir.   Zərifə xanım Əliyevanın zəngin elmi irsi dünya oftalmologiyasına mühüm töhfələr verib. Onun elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası müəyyənləşdirirdi. Bu sahə olduqca ağır idi. Onun araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi biliklər tələb edirdi. Bu keyfiyyətlər isə Zərifə Əliyevada var idi. Peşə oftalmologiyasının pioneri sayılan Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmışdı. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə Əliyeva təbabətdə öz dəsti xətti olan novator alim idi. Bu istedadlı alim gözün oftomoloji, histomikroskopik və histokimyəvi tədqiqi, klinik diaqnostika və s. istiqamətlərdə də dərin elmi araşdırmalar aparırdı. Bütün bu axtarışlarının nəticəsi olaraq o 1976-cı ildə vaxtilə ordinator olduğu Helmholts adına Mərkəzi Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda müvəffəqiyyətlə doktorluq disertasiyasını müdafiə etdi. Oftalmologiyada hadisəyə çevrilən bu müdafiədən bir müddət sonra o, kafedra müdiri seçildi. Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, özündən sonra zəngin elmi irs o cümlədən gözəl ailə nümunəsi qoyub gedən Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqı, dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün bir örnək və yaşam etalonu olacaqdır.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button