Analitika

4 Oktyabr “Cəbrayıl Şəhər” Günüdür

Cəbrayıl ərazisi Midiya (e.ə VII–IV əsrlər), Əhəmənilər imperiyasının (e.ə IV–III əsrlər), Albaniya (e.ə IV–III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albaniya dövlətinin mövcudluğu zamanı rayonun ərazisi Pazkank, Əhristan və Dizaq adları ilə həmin dövlətin tərkibində olmuşdur. III–V əsrlərdə Dizaq mahalı Sasanilər tərəfindən işğal olunmuşdur. Xalq həyəcanından qorxan Sasanilər nəhayət Albaniyaya müstəqillik verdilər. VII əsrin ortalarında Cəbrayıl rayonunun ərazisi də Əməvilər xilafətinin tərkibinə qatıldı. Həm Babəkə qədər, həm onun dövründə, həm də ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olmuşdur. X–XI əsrlərdə (971–1086-cı illər) bu ərazilər Şəddadilər dövlətinin, XIII–XIV əsrlərdə Hülakülər dövlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412-ci ildən) Qaraqoyunlu dövlətinin, həmin əsrin 1478-ci ilindən Ağqoyunlu dövlətinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dövlətinin, XVIII əsrin II yarısından və XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibində olmuşdur. XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Cəbrayıl kəndinə “Qraxdın” da deyilirdi. Bu, deyilənlərə görə, 1831-ci ildə rayonun Daşkəsən kəndində “Karantin” idarəsinin yaradılması və həmin idarənin Cəbrayıl kəndinə köçürülməsi ilə bağlıdır. Yerli əhali “Karantin” sözünü “Qraxdın” kimi tələffüz etmişdir. Bəzi mənbələrə görə isə “Qraxdın” sözü XVIII əsrdə Nadir şahın hakimiyyəti dövründə Azərbaycana köçmüş Cəlair türk qəbiləsinə mənsub olan Qıraqlı-Qıraxlı nəslinin adı ilə əlaqədardır.1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. Cəbrayıl da baramaçılıq, xalçaçılıq ilə məşhur olmuşdur. Qəzada 5 ipək fabrik olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min km², əhalisi 66.360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX–XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib. 1905–1918-ci illərdə qəza Qaryagın qəzası adlandırılıb. 1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24.300 nəfər olmuşdur. 23 avqust 1993-cü il tarixində sahəsi 104980 hektar olan Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən zəbt olunmuşdur.

Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min m3 olan Tulus tuf; ümumi ehtiyatları 5434 min m3 olan Çaxmaqçay, Soltanlı tikinti qumu; ehtiyatları 296 min m3 olan kərpic istehsalına yararlı Qaracallı gil; ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc; ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı; ehtiyatları 4130 min m3 olan Cəfərabad qum-çınqıl qarışığı; ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları vardır.

Rayonda yaşı 200-1600 illər arasında olan 14 ədəd iri diametrli şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı”adlanan mağara təbiət abidəsi kimi qorunurdu. Cəbrayıl rayonunda qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir.

2006-2007-ci illər ərzində ermənilər tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilmişdir.
Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra 44 günlük Vətən Müharibəsi zamanı 4 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bu körpüdə Azərbaycan bayrağının ucaldılması böyük tarixi və siyasi əhəmiyyət kəsb edir. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Cəbrayıl rayonunda görülən bərpa və quruculuq işləri Cəbrayılılara rahat gələcək, firavan həyat bəxş edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ra­yon­lara hər səfəri quruculuq işlərinin gedişinə, gedişin məsuliyyətinə hesablanır. Bu səfərlər təkcə quruculuqla məhdudlaşmır, həm də əhəmiyyətli siyasi çalarları ilə seçilir. Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

Həmidə Ələfsərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button