AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Bişkek Zirvəsində Türk dünyasının birliyi və inkişafı yolunda dövlətimizin strateji əhəmiyyətini bir daha vurğuladı

“Prezident İlham Əliyevin Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışı Türk Dünyası ölkələri arasında əməkdaşlığın genişləndirilməsi və regionda sülh, təhlükəsizlik, iqtisadi inkişafın gücləndirilməsi üçün vacib istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın türk dövlətləri arasındakı mövqeyini və bu dövlətlər arasında əməkdaşlığı dərinləşdirmək üçün göstərdiyi səyləri bir daha ifadə edir”.

Bunu “Reportyorinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycanın təşəbbüsü ilə imzalanmış Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının qurulması və inkişafı üçün tarixi bir addım olmuşdur. Bu il sazişin 15-ci ildönümü qeyd olunmuşdur ki, bu da təşkilatın keçdiyi inkişaf yolunun əhəmiyyətini vurğulayan bir məqamdır. İyul ayında Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi də əməkdaşlığın gücləndirilməsinə töhfə verən mühüm sənəd kimi qeyd edilə bilər. Azərbaycan bu istiqamətdə səylərini davam etdirərək Türk Dövlətləri Təşkilatının bölgədə sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayacağını vurğulayır. Prezident İlham Əliyev çıxışında dünyada artan təhlükələr fonunda bu sahədə əməkdaşlığın vacibliyini qeyd etmişdir. Hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlığın genişlənməsi, silahlı qüvvələrin birgə təlimlər keçirməsi və hərbi təhsil müəssisələrində təcrübə mübadiləsinin aparılması, ölkələr arasında qarşılıqlı etimadı gücləndirir və dostluq əlaqələrini möhkəmləndirir. Bu əməkdaşlıq həm Türk Dövlətləri Təşkilatının regional təhlükəsizliyə töhfə verməsi baxımından, həm də hərbi potensialın gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

“Azərbaycan son illərdə işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir. Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Ermənistanın 30 illik işğal dövründə dağıtdığı şəhərlər və kəndlər artıq yenidən dirçəlir və Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdır. Bu yenidənqurma prosesi, Azərbaycanın güclü iradəsinin, sülhə və davamlı inkişafa verdiyi dəyərin təzahürüdür. İşğaldan azad edilmiş ərazilərdə aparılan layihələr, həmçinin Türk Dövlətləri Təşkilatı üzvlərinin dəstəyi ilə daha da sürətlənir ki, bu da bölgədə bərpa proseslərinin regional əməkdaşlıq fonunda həyata keçirildiyini göstərir. Sözsüz ki, Türk Dövlətləri Təşkilatının üzvlərinin Azərbaycanın yanında olması dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev azad edilmiş ərazilərdə Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dəstəyi ilə məktəblər və yaradıcılıq mərkəzlərinin tikilməsini yüksək qiymətləndirərək, bu yardımları qardaşlıq nümunəsi kimi səciyyələndirmişdir. Bu, Türk Dövlətləri Təşkilatının üzvlərinin Azərbaycanın yanında olmasını və həmrəyliyini əks etdirir ki, bu da qarşılıqlı etimad və qardaşlıq əlaqələrinin güclənməsinə mühüm töhfə verir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Bişkek Zirvə görüşündəki çıxışı Azərbaycanın Türk Dünyasının birliyinin gücləndirilməsinə olan bağlılığını, bölgədə təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsində oynadığı mühüm rolu bir daha nümayiş etdirmişdir. Azərbaycan Türk Dövlətləri Təşkilatına olan dəstəyi və türk dövlətləri ilə genişlənən əməkdaşlığı ilə türk dünyasının həm iqtisadi, həm də siyasi səviyyədə möhkəmlənməsinə töhfə verməyə davam edir. Təşkilat çərçivəsində həyata keçirilən layihələr Türk Dünyasının gələcəyinə yönəlmiş irimiqyaslı inkişaf strategiyalarını əks etdirir.

Oxşar Xəbərlər

Back to top button