AnalitikaGündəmOrdu

Bu gün tarix yaddaşlara qızıl hərflərlə yazılacaq bir gündür

08.11.2020. Bu tarix yaddaşlara qızıl hərflərlə yazılacaq bir gündür. Çünki həmin gün 28 il düşmənin tapdağı altında olan qədim Azərbaycan şəhəri Şuşa azad edildi. Özü də PUA-sız, tanksız və heç bir artilleriya vasitəsi olmadan. Düzgün cızılan döyüş planı və ən əsası igid XTQ-lərimizin qəhrəmanlığı sayəsində əlbəyaxa döyüşlə Şuşa geri alındı. Qarabağımızın “ürəyi” sayılan bu şəhərin möhtəşəm yerdə yerləşməsi və öz əhəmiyyəti döyüşlərin necə çətin olmasını bir daha sübut edir. “Şuşa əməliyyatı” adı ilə yaddaşlara həkk olunan bu döyüş hərb tarixinin ən çətin və ən möhtəşəm əməliyyatlarından biri sayılır. Şuşanın azad olunmasına bütün Azərbaycan sevindi. Xeyr, xeyr bu adi sevinc deyildi. Bu illərin həsrətinin sevinc göz yaşları ilə təzahürü idi. Bütün şəhərlərdə əhali bayram əhval-ruhiyyəsi ilə bu gözəl günü qeyd etməyə başladı.

Əhalinin sevincinə sevinc qatan başqa bir xəbər isə 9 noyabr tarixində gecə saatlarında başlanan və 10 noyabr tarixində imzalanan sülh müqaviləsi oldu ki, bu da mahiyyət etibarilə Ermənistanın təslim olub bizim irəli sürdüyümüz şərtlərə əsaslanan kapitulyasiya sənədi idi. Bu sənəd bizim döyüşlərdə şəhidlərimizin qanı bahasına azad etdiyimiz torpaqların daha da genişlənməsi yəni işğal altında olan digər rayonların da döyüşsüz azad edilməsi demək idi. Cənab Prezidentimizin ağıllı siyasi gedişləri hesabına imzalanan bu müqavilə bizim “masadakı” qələbəmiz demək idi.

10 Noyabr artıq “Qələbə günü” adı altında tarixə daxil oldu. Ərazi bütövlüyümüzün bütün sərhədlər daxilində tam təmin olunduğu bir gündür həmin gün… Bu qələbə meydanda canları və qanları bahasına rayonlar azad edən şəhidlərimiz və igid döyüşçülərimiz, öz siyasi bilik və bacarıqlarından maksimum istifadə edib qalan əraziləri də döyüşsüz ələ keçirən cənab Prezidentimizin xalqımıza ərməğan etdiyi bir qələbədir! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!

Vətən müharibəsindən ötən dövrdə Zəfər yürüşünün gözlənilən davamı gəldi, Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Qarabağın bəzi ərazilərində Ermənistan tərəfindən qanunsuz yerləşdirilən silahlı birləşmələr, diversiya qrupları vaxtaşırı olaraq təxribatlar və terror aktları törətməkdə davam edir, təhlükə mənbəyi olaraq qalırdı. 2023-cü il sentyabrın 18-də erməni silahlı birləşmələrinin basdırdığı minanın partlaması nəticəsində 6 nəfər, o cümlədən, polis əməkdaşları şəhid oldu. Buna cavab olaraq Silahlı Qüvvələrimiz tərəfindən antiterror tədbirlərinə başlanıldı. Sentyabrın 19-da başladılan lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi. Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin ön xətdə və dərinlikdə olan mövqeləri, atəş nöqtələri, döyüş vasitələri və bazaları yüksək dəqiqlikli silahlarla vurularaq sıradan çıxarıldı. Cəmi bir sutka davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, Ordumuzun gücünü bir daha nümayış etdirdi. Düşmən dörd il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu, Qarabağ mövzusu birdəfəlik qapandı.  Ötən il  oktyabrın 15-də növbəti tarixi hadisənin şahidi olduq. İlham Əliyev Prezident seçilməsinin iyirminci ildönümü günündə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Dövlət Bayrağımızı ucaldaraq daha bir şanlı tarix yazdı, xalqımıza böyük sevinc və qürur yaşatdı.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button