Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub
2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi.
Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərimizin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi qələbənin təmin edilməsində mühüm rol oynadı.
Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa – Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır.
Biz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən dörd ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırıb.
Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, 8 noyabr tarixi ilk dəfədir Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Günel Əlizadə,
YAP-ın gənc fəalı