“Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenadakı nüfuzunun növbəti təsdiqidir. 200-dən çox ölkənin yekdil qərarı ilə bu mötəbər tədbirin Bakıda keçirilməsi həm Azərbaycana olan hörmətin, həm də onun fəal diplomatik mövqeyinin göstəricisidir. COP29 çərçivəsində ölkəmiz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konsensusun əldə olunmasına çalışaraq qlobal problemlərin həllində mühüm vasitəçi rolunu oynayacaq”.
Bunu “Reportyorinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi bəzi xarici dairələrin qarayaxma kampaniyasına səbəb oldu. Özünü müstəqil adlandıran bəzi QHT-lər və media vasitələri ölkəmiz haqqında dezinformasiyalar yayaraq bu tarixi tədbiri kölgələməyə çalışdılar. Lakin onların səyləri nəticəsiz qaldı. COP29-un Bakıda keçirilməsi üçün artıq 72 min iştirakçı qeydiyyatdan keçib və bu, Azərbaycanın qlobal mövqeyini daha da gücləndirir. Qərb dairələrindəki bəzi siyasətçilərin və medianın boykot çağırışlarına baxmayaraq, Azərbaycan dünyaya qapılarını açaraq, COP29 vasitəsilə beynəlxalq əməkdaşlığın gücünü göstərir. 80 Prezident, Vitse-prezident və Baş nazirin bu tədbirdə iştirakı Azərbaycanın qlobal səhnədəki nüfuzunu bir daha təsdiqləyir.
Onun sözlərinə görə, Azərbaycan COP29 vasitəsilə yalnız öz mövqeyini gücləndirmir, həm də qlobal məsələlərin həllində yeni yollar açaraq beynəlxalq əməkdaşlığın inkişafına öz töhfəsini verir. Pezident İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki “Azərbaycana xoş gəlmisiniz!” mesajı dünya ölkələrinə ölkəmizin sülhsevər və əməkdaşlığa açıq olduğunu bir daha xatırladır.