AnalitikaGündəm

Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq еdir.

Ağdam rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün çox əlverişli şərait yaradır. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Bu relyef kəskin keçid əlamətləri yaradır. Şimal-Şərq istiqamətində Qarabağ düzənliyinin yüksəkliyi tədricən azalır və Ağdam rayonunun Tərtər, Bərdə,Ağcəbədi rayonları ilə sərhəddində 120–130 m qədər alçalır. Meyilliyin az olması ilə əlaqədar düzənliyin səthi çox zəif parçalanmışdır. Erroziya kəsimi yalnız Qarqarçay, Xaçınçay çayları və onların tərk edilmiş qollarının yataqlarında artır və 6–7 metrə, 10–15 metrə çatır. Relyefin bu xüsusiyyəti bütün ərazini əkinçilik üçün yararlı olmasını təmin edir, suvarma işlərini və kənd təsərrüfatı maşınlarının istifadəsini asanlaşdırır, torpaqları erroziya proseslərindən qoruyur, onların münbitliyini və məhsuldarlığını artırır.

Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür. 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Qarabağ  doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.

1992-ci ildə  Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı.

10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, 20 noyabr 2020-ci ildə erməni silahlı birləşmələri Ağdam rayonunu tərk etdi. 20 noyabr 2020-ci ildə müzəffər Azərbaycan ordusu Ağdama daxil oldu və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlanıldı. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı və Dövlət Himni səsləndirildi.

Ceyhun Sadizadə,
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Oxşar Xəbərlər

Back to top button