AnalitikaGündəm

COP29 – dünya diplomatiya tarixində Azərbaycan imzası

Bakıda Azərbaycanın ev sahibliyi ilə keçirilən beynəlxalq tədbir COP29 uğurlu nəticələri ilə başa çatdı. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin şəxsi nəzarəti və tapşırıqları ilə tədbirə hazırlıq və onun hərtərəfli həyata keçirilməsi ölkəmizin dünya birliyində gündən-günə artan nüfuzunun yeni reallıqlarını nümayiş etdirdi.

Azərbaycanın yaşıl enerji sahəsindəki fəaliyyətinə böyük hörmətin əlaməti və Dövlət başçımıza olan böyük hörmətin nəticəsi olaraq COP29 tədbinin Bakıda keçirilməsinə ümümi dəstəyin nümayişi özlüyündə ölkəmizə verilən etimaddan xəbər verirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.” Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaq böyük fəxarət və qürurdur.Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.“Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu Azərbaycan inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Azərbaycan, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

Azərbaycanın uğurlu moderatorluğu ilə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Nəzərə alsaq ki, rahat, hamının həmrəy olduğu ümumi məsələlərin müzakirəsi getmirdi. COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı – fövqəladə maliyyə məqsədli konfrans idi. Buna görə ortaq qərara gəlib çıxmaq, müzakirələri nəticəyə bağlamaq asan olmadı. Ancaq Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Müzakirələr ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında gedirdi. Ancaq Azərbaycanın uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollara qaldırıldı.

Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı. Ancaq buna nail olmaq dünyanın inkişaf etmiş ölkələrindən – ABŞ, Avropa İttifaqı, Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Burada Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır.

Azərbaycan uğurlu nəticəyə əvvəlcədən də əmin idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”.

COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb olub. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü.

Həmidə Ələfsərova,
Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayon fəalı

Oxşar Xəbərlər

Back to top button