AnalitikaGündəmSiyasət

Müstəqil Azərbaycanın güclü və müstəqil siyasət yürüdən bir dövlət kimi formalaşması məhz Ulu öndər Heydər Əliyevin möhkəm təməl yaratdığı siyasi kursun nəticəsidir

Cənab Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı, regional siyasət və beynəlxalq məsələlərə dair əhəmiyyətli fikirlərlə yadda qaldı. Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin hər iki ölkə üçün mühüm siyasi əhəmiyyət daşıdığını vurğuladı. Prezident, Azərbaycan və Rusiya arasında etibarlı tərəfdaşlıq əlaqələrinin mövcudluğunu, bu münasibətlərin müsbət dinamika ilə inkişaf etdiyini və qarşıdakı dövrlərdə də davamlılığını qoruyacağını qeyd etdi.

Cənab Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə dəyişən reallıqlara diqqət çəkərək, İkinci Dünya müharibəsindən sonra formalaşan qaydaların bu gün artıq aktual olmadığını bildirdi. Azərbaycanın müstəqil xarici siyasət yürüdən bir ölkə kimi beynəlxalq səviyyədə qəbul edildiyini vurğulayan dövlət başçısı, hərbi bazalarla bağlı məsələlərin Azərbaycanda tam şəffaf olduğunu qeyd etdi.

Müsahibədə Ermənistan-Azərbaycan münasibətləri də xüsusi yer aldı. Cənab Prezident İlham Əliyev Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası planının rəsmi olaraq dərc edildiyini, Qərbi Azərbaycan İcmasının isə öz doğma torpaqlarına qayıdışı üçün Ermənistan rəhbərliyinə müraciət etdiyini açıqladı. Bununla yanaşı, Ermənistan tərəfindən razılaşdırılmamış iki maddənin qəbul olunmasının vacibliyini vurğulayan Prezident, bu məsələlərin həll olunacağı təqdirdə sülh sazişinin imzalanmasına heç bir maneənin qalmayacağını bildirdi.

Cənab Prezident İlham Əliyev müsahibəsində Makron hökumətinin Ermənistana silah tədarükünü kəskin tənqid etdi və bunun Azərbaycan üçün təhlükə yaratdığını bəyan etdi. Fransanın kolonial keçmişinin acı reallıqlarını xatırladan dövlət başçısı, Makron hökumətinin qərəzli siyasətinin iki ölkə arasındakı münasibətlərə mənfi təsir etdiyini vurğuladı.

Bu müsahibə, həmçinin, cənab Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi müdrik siyasi xətti uğurla davam etdirdiyini bir daha sübut edir. Müstəqil Azərbaycanın güclü, sabit və müstəqil siyasət yürüdən bir dövlət kimi formalaşması məhz Ulu öndər Heydər Əliyevin möhkəm təməl yaratdığı siyasi kursun nəticəsidir.

Cənab Prezident İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinin regional sabitlik və təhlükəsizlik baxımından əhəmiyyətini bir daha qeyd edərək, Azərbaycanın müstəqil mövqeyini qorumaqda davam edəcəyini bildirdi. Dövlət başçısının bu müsahibəsi, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi və regiondakı strateji əlaqələrin inkişafı baxımından mühüm mesajlarla zəngin idi.

Günel Şükürova,
Maştağa qəsəbəsi, 28 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button