Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsi, Azərbaycan-Rusiya münasibətlərinin müasir vəziyyəti, regional əməkdaşlıq, enerji sektoru və Azərbaycanın gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Bu müsahibə, iki ölkə arasında strateji əməkdaşlığın dərinləşməsi və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin inkişafı istiqamətində vacib mesajlarla zəngindir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri tarixi və strateji xarakter daşıyır. Bu əlaqələrin hüquqi bazası kimi, 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə xüsusi vurğulanıb. Prezident İlham Əliyev bu sənədin iki ölkə arasında əməkdaşlığın ən yüksək forması olduğunu bildirib. Bu bəyannamə yalnız siyasi və iqtisadi əlaqələri deyil, eyni zamanda humanitar, təhlükəsizlik və mədəni sahələrdə əməkdaşlığı da əhatə edir.
Prezident İlham Əliyev Azərbaycanın enerji sektorundakı potensialı barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanın təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr, neft ehtiyatları isə 1,5 milyard ton səviyyəsindədir. Azərbaycan, xüsusilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına sabit qaz tədarük edir. Prezident İlham Əliyev həmçinin Azərbaycanın enerji sektorunda Rusiya ilə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirib. Müsahibə zamanı Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası məsələsinə də toxunub. O qeyd edib ki, bu ərazilərin yenidən qurulması istiqamətində Rusiya şirkətləri də fəal iştirak edə bilər. Artıq bu sahədə ilk investisiya layihəsi Tatarıstan tərəfindən həyata keçirilib. Prezident İlham Əliyev bu prosesin regional əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıb. Prezident İlham Əliyev, Türkiyənin Azərbaycanda hərbi baza yaratması ilə bağlı yayılan məlumatların əsassız olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və bu cür hərbi bazaların yaradılmasına ehtiyac yoxdur. Bu açıqlama, Cənubi Qafqazda mövcud olan sabitlik və təhlükəsizlik məsələlərinin Azərbaycan tərəfindən necə idarə olunduğunu göstərir. Prezident İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasət yürütməsinə xüsusi diqqət çəkib. O bildirib ki, Azərbaycan həm regionda, həm də beynəlxalq səviyyədə müstəqil qərarlar qəbul edir və milli maraqlarına uyğun addımlar atır. Bu yanaşma Azərbaycanın suverenliyini və beynəlxalq arenadakı mövqeyini gücləndirir. Bu müsahibə Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında verilən mesajlar, iki ölkə arasında münasibətlərin strateji səviyyədə qalacağını və müxtəlif sahələrdə əməkdaşlığın genişlənəcəyini göstərir. Bu, həm də Azərbaycanın regional liderliyinin və beynəlxalq nüfuzunun artırılması istiqamətində atılmış mühüm addımlardan biridir.
Xuraman Rəşidova,
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin ingilis dili müəllimi