AnalitikaGündəmSiyasət

Prezidentin “RİA Novosti”yə cavabları bütün düşmənlərimizə qarşı cavabdır

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə Azərbaycanın qəti və dəqiq mövqeyinin əks olunduğu böyük bir yol xəritəsidir. Bu xəritədə zaman, tarix, həqiqətlər, uğurlar gözləntilər, hədəflər, perspektivlər Prezident İlham Əliyev tərəfindən böyük bir sərrastlıqla, tək-tək gözlər önünə sərildi. Cənab Prezident Azərbaycana əzələ nümayiş etdirməyə cəhd göstərən qruplaşmalara və qüvvələrə bir daha xəbərdarlığını etdi. Kifayət qədər sərt, açıq bir şəkildə növbəti dəfə mesajlarını çatdırdı.

İlk öncə, Rusiya-Azərbaycan, Rusiya-NATO münasibərləri, Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi və s. məsələlərlə bağlı sualları cavablandıran Prezident İlham Əliyev getdikcə aktivləşən Ermənistan-Fransa əlaqələri, Azərbaycanla Ermənistan arasında bağlanmalı olan Sülh müqaviləsinin şərtləri haqqında da danışdı. Müxbirin, “Nikol Paşinyan KTMT ilə münasibətlərində geri dönüşün olmadığını açıqlayıb, Fransa ilə münasibətləri fəallaşdırır. Bu, regional təhlükəsizlik, xüsusən də Azərbaycan üçün nə deməkdir?” şəklindəki sualını cavablandıran cənab Prezident dedi ki, “Bu, birbaşa təhlükə deməkdir, biz bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarımda dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var.

Müsahibəsində, xarici qrantlarla bəslənən qüvvələr və Azərbaycan hakimiyəti tərəfindən alınan önləyici tədbirlər haqqında söz edən Prezident dedi: “Xarici təsir məsələsinə qayıtdıqda, məlum oldu ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq”.

Beləliklə, Prezident İlham Əliyevin, təqribən saat yarımlıq müsahibəsində toxunduğu bu və digər məsələlər, açıqladığı fikirlər və bu fikirlərdən doğan mövqe bir daha dünyaya Azərbaycanın doğru yolda olduğunu nümayiş etdirməklə bərabər, heç bir qüvvənin, heç bir qərəzin, heç bir düşünülmüş planın Azərbaycanı və bu ölkənin lideri olan, xalqının Xilaskar Prezidenti, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi öz həqiqət yolundan geri çevirə bilməyəcəyinin, Azərbaycanın daxili işlərinə hər cür müdaxilələrin fiaskoya uğrayacağını yüksək kürsüdən bəyanına çevrildi.

Altun İbrahimov,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button