Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində Azərbaycanın regional və beynəlxalq arenadakı strateji mövqeyini və müstəqil xarici siyasət xəttini vurğulamışdır.
Dövlət başçısı qeyd etmişdir ki, 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə Azərbaycan ilə Rusiya arasında 30 ildən artıq davam edən dostluq və əməkdaşlığın məntiqi nəticəsidir. Bu tarixi sənəd, iki ölkə arasında etibarlı tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinin rəmzi olmaqla yanaşı, regionda sabitlik və təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasət yürütmə qabiliyyətinə diqqət çəkərək, ölkəmizin həm Rusiya, həm də NATO üzvü olan Türkiyə ilə əməkdaşlıq edən yeganə dövlət olduğunu bildirmişdir. Bu nadir mövqe Azərbaycanın beynəlxalq arenada balanslaşdırılmış siyasətini əks etdirməklə yanaşı, ölkəmizin diplomatik çevikliyin və strateji əhəmiyyətin bariz nümunəsidir. Dövlət başçısı Azərbaycanın müstəqil aktor kimi fəaliyyətini, regionda sabitliyin qorunması və sülhün təmin olunmasında mühüm rolunu xüsusi olaraq vurğulamışdır.Prezident müsahibəsində Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı aktual məsələlərə də toxunmuşdur. O bildirmişdir ki, sülh sazişi üzrə 17 maddədən 15-i artıq razılaşdırılıb və qalan iki maddə üzərində iş aparılır.
Prezident İlham Əliyev Azərbaycanın sülhə sadiqliyini bir daha təsdiqləyərək, Ermənistanın silahlanma siyasətinin regionda sabitliyi təhdid etdiyini qeyd etmişdir. Bununla yanaşı, Prezident Azərbaycanın güclü hərbi potensialı və davamlı iqtisadi inkişafı ilə regional liderlik mövqeyini qoruduğunu vurğulamışdır.Müsahibədə həmçinin Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına dair fikirlər səsləndirilmişdir. Prezident İlham Əliyev Qarabağın bərpasında Rusiya şirkətlərinin iştirakını yüksək qiymətləndirərək, Azərbaycan və Rusiya arasında qarşılıqlı investisiyaların, sosial və iqtisadi layihələrin əhəmiyyətini qeyd etmişdir. Bununla yanaşı, Azərbaycanın enerji sektorundakı uğurları, təbii qaz və alternativ enerji mənbələri sahəsində irəliləyişləri diqqətə çatdırılmışdır.Prezident İlham Əliyevin “Rossiya Seqodnya” agentliyinə verdiyi müsahibəsi, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və müstəqil siyasət xəttinin göstəricisi olmaqla yanaşı, ölkəmizin inkişaf və sülh yolunda qətiyyətini bir daha təsdiqləyir. Bu fikirlər həm YAP üzvləri, həm də ictimaiyyət üçün Azərbaycan dövlətinin prioritetlərini və nailiyyətlərini daha yaxşı anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir.Azərbaycanın strateji maraqları, regional stabilliyin təmin olunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Prezident İlham Əliyevin göstərdiyi liderlik, ölkəmizi qlobal proseslərin ayrılmaz hissəsinə çevirir. Dövlət başçısının fikirləri, eyni zamanda, milli maraqlarımızın təmin olunması və beynəlxalq mövqelərimizin daha da möhkəmləndirilməsi baxımından yol göstərir.
Əfsanə Rəhimova,
Pirşağı bələdiyyəsinin sədri