Azərbaycanın dünyada nüfuzunun getdikcə yüksəlməsi, hörmətinin artması danılmaz bir həqiqətdir. Bu vəziyyət ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərin həm miqyasının, həm də əhəmiyyətlilik dərəcəsinin artmasında da özünü göstərir. O cümlədən bu il Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinin də ən yüksək səviyyədə təşkili dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamamışdır. Azərbaycan bu hörməti və nüfuzu ilk növbədə cənab Prezident İlham Əliyevin gördüyü mühüm işlərin və həyata keçirdiyi son dərəcə uğurlu müstəqil xarici siyasət kursunun sayəsində qazana bilmişdir. Dövlət başçımızın hər zaman nümayiş etdirdiyi prinsipiallıq, qəbul olunan bütün qərarların, atılan addımların beynəlxalq hüquqa tam uyğunluğu və əlbəttə ki, ölkənin bütün ərazisində dövlət suverenliyinin bərpa edilməsi Azərbaycana olan bu hörməti daha da artırmışdır.
Bu gün Azərbaycan dövləti tarixinin ən güclü dövrünü yaşayır. Prezident cənab İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətin nəticəsində ölkəmiz qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş olan dövlətə çevrilib. Ən başlıcası isə üç ildir ki, 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımız azad edilib. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın üçrəngli, müqəddəs bayrağı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə, düşmən tapdağından azad edilən torpaqlarda qürurla, şərəflə dalğalandırılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə xalqımızın bütün dünyaya haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu. Dünyaya səs salan möhtəşəm Qələbə müstəqil Azərbaycanımızı dünyada qalib xalq, məğlubedilməz dövlət kimi yenidən tanıtdı. Bizi qürurlandıran uğurlar, zəfərlər 2020-ci il 8 noyabrda Şəhidlər xiyabanından xalqa səslənərək “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!”- deyən Prezident cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi sayəsində mümkün oldu.
“Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin, Prezident cənab İlham Əliyevin yanında olacaq.
Nailə Nəsirova,
Zabrat bələdiyyəsinin sədri