AnalitikaGündəmSiyasət

Azərbaycan və Şimali Makedoniya müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensiala malikdirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il martın 11-də rəsmi səfərlə ölkəmizdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanı qəbul edib. Səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Şimali Makedoniya Prezidentinin səfəri Azərbaycan Prezidentinin rəsmi iqamətgahında qarşılanma mərasimi ilə başlayıb.

Daha sonra Prezident İlham Əliyev və Prezident Qordana Silyanovska-Davkova arasında təkbətək görüş keçirilib. Qeyd edək ki, görüş zamanı iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Şimali Makedoniya müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensiala malikdirlər. O, xüsusilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Prezident Qordana Silyanovska-Davkova isə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirib və ölkəsinin bu əlaqələri daha da gücləndirmək niyyətində olduğunu bildirib. Daha sonra dövlət başçılarının iştirakı ilə geniştərkibli görüş keçirilib. Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında siyasi dialoq, iqtisadi-ticari əlaqələr, enerji sahəsində əməkdaşlıq və mədəniyyət sahəsində qarşılıqlı təmaslar müzakirə edilib.

Məhz, Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq arenada Şimali Makedoniya ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib. O bildirib ki, Azərbaycanın regional layihələri, xüsusilə Cənub Qaz Dəhlizi və nəqliyyat infrastrukturu, Şimali Makedoniya üçün yeni imkanlar yaradır. Prezident Qordana Silyanovska-Davkova isə Azərbaycanın beynəlxalq tədbirlərdə, o cümlədən COP29 kimi iqlim sammitlərində fəal iştirakını yüksək qiymətləndirib və ölkəsinin bu sahədə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Görüşdə enerji sahəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Prezident İlham Əliyev Azərbaycanın Avropaya təbii qaz tədarük etdiyini və Şimali Makedoniyanın da bu prosesə qoşulmasının mühüm əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, Azərbaycan Şimali Makedoniyanın enerji təhlükəsizliyinə töhfə verməyə hazırdır. Səfər çərçivəsində Prezident Qordana Silyanovska-Davkova ADA Universitetində tələbələrlə görüş keçirib. Görüş zamanı o, Şimali Makedoniyanın Azərbaycanla təhsil sahəsində əməkdaşlığını inkişaf etdirmək niyyətində olduğunu bildirib. Tələbələr onun çıxışına böyük maraq göstəriblər və müxtəlif mövzularda suallar veriblər.

Prezident İlham Əliyev Azərbaycanla Şimali Makedoniya arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayaraq, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.

Bu səfər Azərbaycan ilə Şimali Makedoniya arasında münasibətlərin daha da inkişafına təkan verəcək. Görüşlər zamanı əldə olunan razılaşmalar iqtisadi, enerji, mədəni və diplomatik sahələrdə əməkdaşlığın genişləndirilməsinə şərait yaradacaq.

Prezidentlər iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə dair ortaq fikirdə olduqlarını bildiriblər. Sonda Prezident İlham Əliyev Prezident Qordana Silyanovska-Davkovanı yenidən Azərbaycana səfərə dəvət edib və bu əməkdaşlığın daha da inkişaf edəcəyinə inandığını ifadə edib. Bu səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində Avropa ölkələri ilə əlaqələrini daha da gücləndirmək istiqamətində atdığı mühüm addımlardan biri kimi qiymətləndirilir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button