GündəmSosial

Yasamal rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 12-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş “Heydər Əliyev Konstitusiyası: Hüquqi Dövlətdən Suveren Zəfərə” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Gülüstan Kərimli, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru, ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, rayon ictimaiyyətinin nümayəndələri, Prezident təqaüdünə layiq görülmüş tələbələr və gənclər iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən öncə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını və qonaqları 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edərək, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının dövlətçilik tariximizdəki müstəsna əhəmiyyətindən geniş bəhs edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsinin, uzaqgörən siyasi iradəsinin və xalqımıza olan sonsuz sevgisinin parlaq təzahürüdür. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Əsas Qanun ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun möhkəm təməlini qoymuş, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün geniş hüquqi baza formalaşdırmışdır.YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmişdir. Müzəffər Ali Baş Komandanın liderliyi ilə qazanılan möhtəşəm Zəfərlər nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi bütün suveren ərazilərimizdə tam bərqərar olmuşdur. Eyni zamanda, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda, eləcə də paytaxt Bakıda və Yasamal rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq, abadlıq və müasir şəhərsalma layihələri dövlətimizin iqtisadi qüdrətinin bariz nümunəsidir.YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında gənc nəslin elmə, təhsilə və dövlətçilik dəyərlərinə bağlılığının vacibliyini önə çəkərək, 2026–2027-ci tədris ilində Yasamal rayonu ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinə yüksək balla qəbul olunaraq Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüş gəncləri ürəkdən təbrik edib, onlara gələcək təhsil və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru, ərazi partiya təşkilatının sədri Zahid Cəfərov Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi-siyasi mahiyyəti, qəbul olunma tarixi və ölkəmizdə hüquqi islahatların həyata keçirilməsində oynadığı əsaslı roldan danışıb. Zahid Cəfərov diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiya zamanın sınağından uğurla çıxaraq Azərbaycanın sürətli sosial-iqtisadi inkişafına, vətəndaş cəmiyyətinin formalaşmasına və beynəlxalq nüfuzunun artmasına etibarlı zəmin yaradıb. Professor cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının və konstitusion dəyərlərin qorunmasının dövlət suverenliyinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Gülüstan Kərimli tədbir iştirakçılarını 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edərək, müstəqil Azərbaycanın gənclər siyasətinin məhz Əsas Qanunumuzda təsbit olunmuş demokratik və hüquqi prinsiplər əsasında formalaşdığını vurğulayıb. Gülüstan Kərimli bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiya gənclərin təhsil almaq, cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak etmək və öz intellektual potensiallarını reallaşdırmaq hüquqlarına etibarlı təminat yaradıb. O qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi ölkəmizin ictimai-siyasi, elmi və mədəni həyatının aparıcı qüvvəsinə çevrilib. Gülüstan Kərimli Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfərlərdə və suverenliyimizin tam bərpasında milli ruhda tərbiyə almış gənclərin qəhrəmanlığını xüsusi qeyd edərək, Prezident təqaüdünə layiq görülmüş tələbələri təbrik edib, onlara dövlətçilik ideallarına hər zaman sadiq qalmağı və ölkəmizin gələcək inkişafına layiqli töhfələr verməyi arzulayıb.

Yekun nitq ilə Çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova 12 Noyabr – Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək müstəqil Azərbaycanın ilk Konstitusiyasının dövlətçilik tariximizdəki müstəsna əhəmiyyətindən söz açıb. T.Muradova bildirib ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə təşəbbüsü ilə qəbul edilmiş Əsas Qanun ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini qoyub. O diqqətə çatdırıb ki, Konstitusiyamız insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cəmiyyətdə ictimai-siyasi sabitliyin qorunmasına və dövlət müstəqilliyimizin dönməzliyinə etibarlı hüquqi zəmin yaradıb. O vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfərlər nəticəsində bu gün Konstitusiyamızın hüquqi qüvvəsi bütün suveren ərazilərimizdə tam bərqərar olub. Təravət Muradova həmçinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal rayonunda həyata keçirilən müasir infrastruktur, abadlıq-quruculuq layihələrindən və gənclərə göstərilən dövlət qayğısından danışaraq, Prezident təqaüdünə layiq görülmüş tələbələrə gələcək təhsil və fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Çıxışlardan sonra 2026–2027-ci tədris ilində Yasamal rayonu ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olunaraq Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüş tələbələrə hədiyyələr təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button