
“Novruz bayramı təkcə Azərbaycan xalqının deyil, ümumilikdə Şərq dünyasının ən qədim və dəyərli bayramlarından biridir. Bu bayram əsrlər boyu birlik, sülh və yenilənmə rəmzi kimi qeyd olunub. Prezident İlham Əliyevin Novruz bayramına verdiyi önəm və onun beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlər Azərbaycanın diplomatik irsinin qorunması və təbliğinə mühüm töhfə verir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycanın təşəbbüsü ilə Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bundan əlavə, BMT Baş Assambleyası 21 martı rəsmi olaraq “Beynəlxalq Novruz Günü” elan edib. Bu prosesdə Azərbaycanın diplomatik səyləri, xüsusilə Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarla əməkdaşlıq strategiyası mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Novruz bayramını yalnız milli səviyyədə deyil, beynəlxalq səviyyədə də qeyd edir.
Onun sözlərinə görə, Novruz bayramı Azərbaycanın milli-mədəni dəyərlərinin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bu bayramla bağlı çıxışları və gördüyü diplomatik işlər, Azərbaycanın beynəlxalq arenada tanınmasına və milli kimliyinin qorunmasına töhfə verir. Azərbaycanın diplomatik irsi çərçivəsində Novruz bayramının önəmi artmaqda davam edir.