AnalitikaGündəmSiyasət

Azərbaycan beynəlxalq hüquqa hörmət edən, məsuliyyətli və humanist bir dövlət olduğunu sübut etmişdir

Müasir dövrdə silahlı münaqişələrin tənzimlənməsi üçün beynəlxalq hüquq normaları mövcuddur. Bu normalar əsasən beynəlxalq humanitar hüquq çərçivəsində formalaşır və müharibə zamanı həm hərbi, həm də mülki şəxslərin hüquqlarını qorumağa xidmət edir. Azərbaycan 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində bu hüquqi çərçivəyə əməl edərək, döyüş əməliyyatlarını beynəlxalq qaydalara uyğun şəkildə aparmışdır.

Beynəlxalq humanitar hüquq — silahlı münaqişə zamanı tətbiq olunan hüquq sahəsidir. Bu hüququn əsas mənbələri 1949-cu il Cenevrə Konvensiyaları, Haaqa Konvensiyaları və digər beynəlxalq sazişlərdir. Bu hüquqa əsasən, döyüşlər zamanı mülki şəxslərin qorunması, hərbi və mülki obyektlərin fərqləndirilməsi, əsirlərlə humanist davranış və hərbi vasitələrin seçilməsində məhdudiyyətlər vacibdir.

Azərbaycan Ordusu müharibə müddətində yalnız hərbi obyektləri hədəfə alaraq, mülki əhalinin təhlükəsizliyinə xüsusi diqqət yetirmişdir. Əməliyyatlar zamanı mümkün qədər mülki şəxslərin yaşadığı ərazilərdən uzaq döyüş taktikası seçilmiş, şəhərlərin mərkəzləri və yaşayış zonaları hədəf alınmamışdır. Bu, Cenevrə Konvensiyalarının əsas prinsiplərindən biri olan mülki və hərbi hədəflərin fərqləndirilməsi prinsipinə tam uyğundur.

Azərbaycan tərəfi hərbi əməliyyatlar zamanı beynəlxalq hüquqda nəzərdə tutulan “zəruri hərbi hədəf” prinsipi çərçivəsində yalnız Ermənistanın hərbi mövqelərinə, silah-sursat anbarlarına və digər strateji obyektlərinə qarşı dəqiq zərbələr endirmişdir. Yüksək texnologiyalı dronlar və kəşfiyyat vasitələri ilə zərbələr dəqiqliklə həyata keçirilmiş, bu da mülki əhali arasında itkilərin minimum səviyyədə qalmasına şərait yaratmışdır.

Azərbaycan Silahlı Qüvvələri münaqişə zamanı beynəlxalq hüquqla qadağan olunmuş heç bir silahdan istifadə etməmişdir. Bütün əməliyyatlar konvensiyalar çərçivəsində təsdiqlənmiş silah sistemləri ilə icra olunmuşdur. Bu isə Azərbaycanın beynəlxalq öhdəliklərə sadiqliyini bir daha göstərir.

Azərbaycan tərəfi əsir düşmüş erməni hərbçilərlə beynəlxalq hüquqa uyğun davranmış, onlara tibbi yardım göstərmiş və beynəlxalq təşkilatların iştirakı ilə onların saxlanma şəraitinə nəzarət etmişdir. Bu davranışlar Cenevrə Konvensiyalarının III Konvensiyasına əsasən müharibə əsirləri ilə davranış qaydalarına tam uyğundur.

Azərbaycan Respublikası 2020-ci ildə apardığı Vətən müharibəsində beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq, yalnız öz ərazi bütövlüyünü bərpa etməyə və hüquqlarını təmin etməyə çalışmışdır. Hərbi əməliyyatlar zamanı mülki əhaliyə qarşı zorakılıqdan uzaq durmaq, qadağan olunmuş silahlardan istifadə etməmək, əsirlərlə və meyitlərlə humanist davranmaq Azərbaycanın beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə nə qədər hörmətlə yanaşdığını göstərir. Bu isə Azərbaycanın müasir, hüquqa əsaslanan və məsuliyyətli dövlət olduğunu bir daha sübut edir.

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button