
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bu tarixi müraciət səslənəndə təkcə Şuşanın azadlığı deyil, 30 ilə yaxın davam edən həsrətin sona çatdığı, tarixi ədalətin bərpa olunduğu bütün dünyaya bəyan edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri xalqımızın yaddaşına Zəfərin müjdəsi, milli qürurun və sarsılmaz iradənin təntənəsi kimi həkk olundu. Həmin gün Şuşa azadlığına qovuşmaqla Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Qələbənin rəmzinə çevrildi.
Şuşanın azadlığı adi hərbi uğur deyildi. Bu, xalqın sınmayan ruhunun, dövlətin qüdrətinin, ordunun qəhrəmanlığının və milli birliyin təntənəsi idi. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun misilsiz şücaəti ilə şəhərin işğaldan azad edilməsi Vətən müharibəsinin taleyini həll edən həlledici hadisə oldu. Mürəkkəb relyef, çətin döyüş şəraiti və düşmənin müqaviməti qəhrəman hərbçilərimizin qarşısında aciz qaldı. Şuşaya gedən yol igid əsgər və zabitlərimizin qanı, canı və misilsiz fədakarlığı ilə açıldı.
Bu Zəfərin kökləri isə illər əvvəl müəyyənləşdirilmiş möhkəm dövlətçilik strategiyasına dayanırdı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs müstəqil Azərbaycanın inkişafının, güclü dövlət və ordu quruculuğunun təməlini yaratdı. Prezident İlham Əliyevin həmin strateji xətti qətiyyətlə davam etdirməsi, ölkənin iqtisadi və hərbi potensialını gücləndirməsi, beynəlxalq mövqelərini möhkəmləndirməsi tarixi Qələbəmizin əsas şərtlərindən oldu. Beləliklə, siyasi iradə, xalqın birliyi və ordunun gücü vahid məqsəd naminə birləşərək Zəfər salnaməsini yazdı.
1992-ci il mayın 8-də işğal olunan Şuşa uzun illər xalqımızın qəlbində sağalmaz yara, milli yaddaşımızda isə azadlıq arzusu kimi yaşadı. Lakin Şuşaya olan sevgi heç vaxt azalmadı, onun azadlığına inam heç zaman sarsılmadı. Vətən müharibəsində qazanılan tarixi Qələbə bu inamı gerçəyə çevirdi. Prezident İlham Əliyevin Şuşanın azad edildiyi gün səsləndirdiyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” sözləri isə bu tarixi hadisənin həm siyasi, həm də mənəvi mahiyyətini ifadə etdi.
Şuşanın azadlığı ilə başlayan yeni mərhələ şəhərin yenidən qurulması, tarixi simasının bərpası və doğma sakinlərinə qovuşması ilə davam edir. 2021-ci il martın 20-də Prezident İlham Əliyevin Cıdır düzündə Novruz tonqalını alovlandırması Şuşada həyatın yenidən canlanmasının, milli ruhun öz doğma ünvanına qayıdışının rəmzinə çevrildi. Bu mənzərə bir daha göstərdi ki, Azərbaycan yalnız torpaqlarını azad etməyib, həm də həmin torpaqlarda həyatı, mədəniyyəti və tarixi irsi dirçəltmək əzmindədir.
Bu gün Şuşada aparılan genişmiqyaslı quruculuq işləri həmin əzmin real təcəssümüdür. Tarixi abidələr bərpa olunur, yollar və infrastruktur yenilənir, yaşayış kompleksləri, sosial və mədəni obyektlər yaradılır. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin yenidən fəaliyyətə başlaması, Üzeyir Hacıbəylinin heykəlinin ucaldılması, məscidlərin və digər tarixi məkanların bərpası şəhərin mənəvi yaddaşının yenidən canlandırılmasına xidmət edir. Şuşanın 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqi isə bu qədim şəhərin gələcəyinə hesablanmış ardıcıl və uzaqgörən siyasətin göstəricisidir.
Böyük Qayıdış prosesi Şuşanın həyatında yeni səhifə açıb. Yaşayış komplekslərinin istifadəyə verilməsi, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılması, Daşaltı kəndində aparılan bərpa və quruculuq işləri doğma torpaqlarımızda həyatın yenidən qurulduğunu təsdiqləyir. Vaxtilə həsrətlə gözlənilən qayıdış bu gün real həyata çevrilir. Şuşanın küçələrində yenidən sakinlərin addım səslərinin eşidilməsi, uşaqların gülüşünün duyulması Zəfərin ən böyük mənəvi nəticələrindəndir.
Şuşa bu gün yalnız Azərbaycanın deyil, bütövlükdə Türk və İslam dünyasının mədəni yaddaşında xüsusi yer tutan şəhər kimi beynəlxalq nüfuzunu möhkəmləndirir. “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” tədbirləri, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, beynəlxalq mədəniyyət və turizm təşəbbüsləri şəhərin zəngin irsini dünyaya tanıdır. Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi də bu qədim şəhərin beynəlxalq miqyasda artan əhəmiyyətinin göstəricisidir. Prezident İlham Əliyevin xarici dövlət başçıları ilə Şuşaya səfərləri və burada keçirilən IV Şuşa Qlobal Media Forumu isə şəhərin siyasi və diplomatik məkana çevrildiyini nümayiş etdirir.
Əsrlər boyu Azərbaycanın mədəniyyət beşiyi kimi tanınan Şuşa milli musiqimizin, ədəbiyyatımızın və incəsənətimizin inkişafına misilsiz töhfələr verib. Molla Pənah Vaqifin poeziyası, Xurşidbanu Natəvanın yaradıcılığı, Üzeyir Hacıbəylinin musiqi dühası, Bülbülün ecazkar səsi bu şəhərin mənəvi zənginliyini bütün dünyaya tanıdıb. Şuşanın dirçəldilməsi, əslində, Azərbaycan mədəniyyətinin tarixi köklərinə qayıdış, milli-mənəvi irsimizin yenidən öz layiqli ünvanında yaşaması deməkdir.
Mənim qənaətimcə, Şuşanın azad edilməsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi, onun bərpası və dirçəldilməsi isə Zəfərimizin məntiqi davamıdır. Çünki əsl Qələbə yalnız torpağı azad etməklə tamamlanmır; həmin torpaqda həyatı yenidən qurmaq, tarixi irsi qorumaq, gələcək nəsillərə firavan bir şəhər və güclü dövlət miras qoymaqla özünün tam mahiyyətini qazanır. Bu gün Şuşada görülən işlər məhz belə bir tarixi missiyanın həyata keçirildiyini göstərir.
8 Noyabr – Şuşa Şəhəri Günü bizə bir həqiqəti qürurla xatırladır: xalqın birliyi, dövlətin gücü və sarsılmaz iradəsi qarşısında heç bir maneə dayana bilməz. Şuşanın azadlığı şəhidlərimizin müqəddəs qanı ilə yazılmış qəhrəmanlıq dastanı, qazilərimizin fədakarlığının təcəssümü, gələcək nəsillər üçün isə Vətən sevgisinin əbədi örnəyidir.
Bu gün Şuşa azaddır, qurulur, dirçəlir və öz tarixi şöhrətinə yenidən qovuşur. Onun hər daşı, hər küçəsi, hər abidəsi xalqımızın yaddaşını, mübarizəsini və qürurunu yaşadır. Şuşa bizim üçün sadəcə bir şəhər deyil – o, milli kimliyimizin, tarixi qələbəmizin və sarsılmaz dövlətçiliyimizin rəmzidir.
Əziz Şuşa, sən azadsan! Biz qayıtmışıq və səni yenidən dirçəldirik! Qarabağ Azərbaycandır!
Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı



