
2025-ci il aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində təşkil olunan “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda çıxış edib. Bu forum dünyanın müxtəlif ölkələrindən 60-dan artıq tanınmış beyin mərkəzinin rəhbərlərini, politoloqları və ekspertləri bir araya gətirən mühüm qlobal platformaya çevrilmişdi. Prezidentin çıxışı həm regional, həm də beynəlxalq ictimaiyyətin diqqətini çəkən mühüm strateji mesajlarla yadda qaldı. Prezident İlham Əliyev çıxışında XXI əsrin çağırışları fonunda dünya düzənində baş verən dəyişiklikləri təhlil edərək, yeni dünya nizamının formalaşmasında Azərbaycanın oynadığı və oynaya biləcəyi rola diqqət çəkdi. O bildirdi ki, beynəlxalq münasibətlərdə güc balansının dəyişməsi, münaqişələrin artması və qlobal iqtisadi qeyri-sabitlik yeni reallıqlar yaradıb. Bu reallıqlar çərçivəsində Azərbaycan həm Cənubi Qafqaz regionunda, həm də Avrasiya məkanında sabitlik, əməkdaşlıq və inkişaf üçün model rolunu oynayır. Prezident İlham Əliyev çıxışının əsas hissəsini Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağ münaqişəsinin həllindən sonra yaranmış yeni reallıqlara həsr etdi. O qeyd etdi ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi və bu, regionda yeni geosiyasi nizamın əsasını qoydu. Dövlət başçısı xüsusilə vurğuladı ki, Azərbaycan bu qələbəni yalnız hərbi güc vasitəsilə deyil, həm də milli birliyi və siyasi iradəsi sayəsində əldə edib. O, Ermənistanla davam edən sülh danışıqlarının mövcud vəziyyətini təhlil edərək, sülh sazişinin imzalanmasının artıq real siyasi gündəmin bir parçası olduğunu bildirdi. Prezident İlham Əliyev sərhədlərin delimitasiyası ilə sülh razılaşması proseslərinin paralel deyil, ayrı-ayrı aparılmasının vacibliyini qeyd etdi. Onun fikrincə, bu, daha çevik və effektiv siyasi nəticələrin əldə olunmasına şərait yaradır. O, Ermənistanın Azərbaycan ərazilərinə olan iddialardan imtina etməsinin regionda uzunmüddətli sülhün və əməkdaşlığın təməl şərtlərindən biri olduğunu açıq şəkildə bildirdi. Prezidentin çıxışında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə də geniş yer verildi. İlham Əliyev qeyd etdi ki, Azərbaycan dövləti öz daxili resursları hesabına Qarabağ və Şərqi Zəngəzur bölgəsində irimiqyaslı infrastruktur və sosial layihələr həyata keçirir. Bu, həm də Azərbaycanın post-münaqişə dövründə inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. Forum zamanı Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması perspektivinə də toxundu. O, bu layihənin yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət daşıdığını vurğuladı. Zəngəzur dəhlizi vasitəsilə yeni nəqliyyat və enerji marşrutlarının açılması regionda iqtisadi canlanma, ticari inteqrasiya və siyasi sabitlik üçün yeni imkanlar yaradır. Prezidentin çıxışı, eyni zamanda, Azərbaycanın beynəlxalq siyasətdə yürütdüyü balanslı və prinsipial mövqeyin bir növ nümayişi oldu. İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan hər zaman beynəlxalq hüquqa əsaslanan siyasət yürüdüb və bu siyasət sayəsində qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınıb. Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” forumundakı çıxışı Azərbaycanın həm regional lider, həm də beynəlxalq arenada etibarlı tərəfdaş kimi rolu barədə dərin düşünülmüş və strateji baxışların təzahürü oldu. Bu çıxış, Azərbaycanın gələcəkdə daha fəal və çevik diplomatik təşəbbüslərlə çıxış edəcəyinə dair mühüm mesajlar verdi. ADA Universitetində keçirilən bu beynəlxalq tədbir, Azərbaycanın qlobal səviyyədə siyasi dialoq və əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirdi.
Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi