AnalitikaGündəmSiyasət

Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri, iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi.

2025-ci il aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri və bu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüş, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Səfər zamanı dövlət başçılarının mətbuata verdiyi birgə bəyanatlar, yalnız diplomatik jestlər deyil, həm də gələcəyə yönəlmiş real və praktik əməkdaşlıq niyyətlərinin ifadəsi idi.

Prezident İlham Əliyev bəyanatında Gürcüstan ilə münasibətlərin Azərbaycanın xarici siyasətində xüsusi yer tutduğunu vurğuladı. Tarixən mehriban qonşuluq, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulan bu münasibətlər, bu gün artıq yüksək səviyyəli strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Azərbaycan və Gürcüstan arasında təkcə dövlətlərarası deyil, həm də xalqlar arasında dərin dostluq münasibətləri mövcuddur. Bu amil isə qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlığın təməlini təşkil edir.

Görüşdə əsas müzakirə mövzularından biri enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq idi. Prezident İlham Əliyev Azərbaycanın Avropaya enerji resurslarının çatdırılmasında Gürcüstanın mühüm tranzit ölkə olduğunu xatırladaraq, bu sahədəki birgə layihələrin – xüsusilə Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələrinin əhəmiyyətindən danışdı. Bu kəmərlərin fəaliyyəti təkcə Azərbaycan və Gürcüstan üçün deyil, bütün Avropa üçün strateji əhəmiyyət daşıyır. Belə bir əməkdaşlıq isə tərəflər arasında mövcud olan siyasi sabitlik və qarşılıqlı inam nəticəsində mümkün olmuşdur.

Nəqliyyat və logistika sahəsində də əhəmiyyətli müzakirələr aparıldı. Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi, regionun iqtisadi inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir. Bu layihənin genişləndirilməsi və rəqəmsallaşdırılması ilə bağlı planlar, iki ölkənin regional tranzit qovşağı rolunu daha da möhkəmləndirəcək.

Prezident Əliyev çıxışında regional sabitlik və sülh məsələsinə də toxunaraq, Ermənistanla sülh danışıqları kontekstində Gürcüstanın vasitəçilik imkanlarını yüksək qiymətləndirdi. O, bölgədə uzunmüddətli sabitliyin və iqtisadi inkişafın yalnız əməkdaşlıq yolu ilə mümkün olduğunu bəyan etdi.

Bu səfər və səsləndirilən fikirlər, Azərbaycan-Gürcüstan münasibətlərinin təkcə keçmişə söykənmədiyini, eyni zamanda gələcəyə yönəlmiş vizyon və ortaq maraqlarla daha da möhkəmləndiyini göstərir. Bu gün iki ölkə təkcə qonşu deyil, həm də regional proseslərin formalaşmasında birgə söz sahibi olan strateji müttəfiqlərdir.

Vəli Hüseynli,
Nizami rayon 61 saylı məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button