
Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata birgə bəyanatında dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, prezident vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfərinizi Azərbaycana etməyinizdən çox şadam. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk.
Dünyanın müxtəlif dövlətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi, yeni prioritetlər üzrə inkişaf etdirilməsi diqqətdən kənarda qalmır. Azərbaycan qonşu ölkələrlə əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan Azərbaycan-Gürcüstan əlaqələri başqa ölkələrə qonşuluq münasibətlərində nümunə göstərilir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri dərin köklərə söykənən tarixi ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlib. Tarixə nəzər salsaq dövlətlərimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu görərik. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub, qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri dinamik inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Münasibətlərimizin bugünkü inkişaf səviyyəsinə çatmasında möhkəm təməl əhəmiyyətli rol oynayır. Bu məsələdə Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin rolunu xüsusi qeyd etməliyik. Onlar arasında dostluq münasibətləri əlaqələrimizin yüksələn xətlə inkişafına stimul oldu.
Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də iki dost, qardaş, qonşu ölkənin birgə marağında olan məsələdir. Bu məsələnin uğurlu həllinə həm Gürcüstan, həm də Azərbaycan öz töhfəsini verir. Uzun illər Cənubi Qafqazın münaqişə, müharibə arenasına çevrildiyini qeyd edən dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.
Vüqar Musayev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi