AnalitikaGündəmSiyasət

Azərbaycan və Gürcüstan əlaqələri yeni mərhələdə

1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimizin strateji tərəfdaşlığının təməlini qoyan sənəddir. Bu günədək iki dost ölkə arasında onlarla sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, 1996-cı ildə isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu fəaliyyətə başlayıb. Siyasi əlaqələrimiz də uğurla inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır. İki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.

Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir. Bu layihələr nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan da daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Prezident İlham Əliyev bu reallığı da diqqətə çatdırdı ki, nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.

Atılan hər bir addım iki dost ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Qarşılıqlı səfərlərin dinamikliyi, yeni istiqamətlərin müəyyənləşməsinə xidmət edəcək sənədlərin imzalanması əlaqələrin inkişafında stimulverici amildir. Azərbaycanla Gürcüstan arasında siyasi əlaqələr qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Azərbaycan qaz ixracının coğrafiyasını genişləndirməyi hədəfləyib. Gürcüstan isə öz növbəsində bu hədəfə yüksək səviyyədə nail olmaq üçün Azərbaycana dəstək verir.

Mikayıl Məmmədov,
Maştağa bələdiyyəsinin sədri

Oxşar Xəbərlər

Back to top button