AnalitikaGündəmSiyasət

Azərbaycan və Gürcüstan enerji sahəsində əməkdaşlıq edir

Azərbaycanla Gürcüstan yaşıl enerji layihələrini də uğurla həyata keçirirlər. Yaşıl enerjiyə keçid hazırkı dövrün əsas çağırışıdır. Bu gün yaşıl enerji beynəlxalq bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki, bütün digər layihələr kimi, yaşıl enerji layihələri də uğurla həyata keçiriləcək. Orta Dəhliz layihəsi hazırkı dövrdə əsas müzakirə mövzusudur. Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

İki ölkə arasında əlaqələr bütün sahələri əhatə etməklə yanaşı, ildən-ilə daha da möhkəmlənir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatında bildirdi ki, bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir. Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi. Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir.

Bu əlaqələrin son vaxtlar dərinləşməsinin göstəricisi kimi Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də Azərbaycana səfərini xüsusi qeyd etmək lazımdır. Belə ki, İ.Kobaxidze yenidən baş nazir seçildikdən sonra ilk səfərini Azərbaycana edib. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi.

Aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda da Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi diqqət yetirildi. “Gürcüstanla əlaqələr bizim üçün strateji əhəmiyyətə malikdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədədir. Bunun sayəsində biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik. Bunu, sadəcə, özümüz – Azərbaycan və Gürcüstan etdi. Xəzər dənizi və Qara dəniz arasında yerləşdiyimizdən biz müxtəlif region və qitələr ilə təmasda olmaq üçün bir növ keçid rolunu oynayırıq. Əminəm ki, perspektivlər cari vəziyyət qədər parlaq olacaqdır.

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın dərinləşəcəyi və qarşılıqlı əməkdaşlıq formatlarının yeni sahələri əhatə edəcəyi gözlənilir. Bu münasibətlər təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın sabitliyi və inkişafı üçün strateji əhəmiyyət kəsb edir.

Süsən Qulamova,
187 saylı orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button