
İlham Əliyevlə Məsud Pezeşkian arasında keçirilən görüş yalnız dövlətlərarası dialoqu deyil, iki qədim sivilizasiyanın təmaslarını da əks etdirirdi. Aprelin 2-də Bakıda baş tutan bu səfər zamanı verilən bəyanat səmimi münasibətlərin siyasi dilə çevrilmiş forması idi. Mətbuata təqdim edilən fikirlərdə ölkələr arasındakı tarixi yaxınlığın bu gün də əməkdaşlıq ruhuna töhfə verdiyi açıq şəkildə hiss olunurdu.
Azərbaycan Prezidenti çıxışı zamanı qarşılıqlı etimadın dərin köklərə malik olduğunu bildirdi. Onun sözlərinə görə, bölgədə sülh və tərəqqi üçün İranla tərəfdaşlıq zəruridir və bu münasibətlər bir çox sahədə yeni mərhələyə daxil olub. O, ticarət, enerji və nəqliyyat layihələrinin strateji əhəmiyyət daşıdığını vurğuladı.
İran Prezidenti Məsud Pezeşkian isə çıxışında xalqlar arasında əsrlərdən bəri formalaşmış dostluq tellərinin bu gün dövlət səviyyəsində daha da gücləndirildiyini dilə gətirdi. O, qarşılıqlı anlayışa əsaslanan münasibətlərin regional sabitlik üçün nümunə olduğunu və bu birliyin xalqların rifahına xidmət etdiyini qeyd etdi.
Bəyanat, gələcəkdə atılacaq ortaq addımlar üçün güclü bir siyasi siqnal kimi qiymətləndirilə bilər. Bu səfər təkcə diplomatik jest deyil, həm də qarşılıqlı maraqlara əsaslanan səmərəli tərəfdaşlığın göstəricisidir
Ələkbər Novruzov
YAP Xəzər rayon təşkilatının fəalı